"Qəbələ"nin üzülən haqqı

18 Aprel 2021 14:20 Köşə 946
"Qəbələ"nin üzülən haqqı

"Haqq nazilər, amma üzülməz" deyiblər.

Həyatda dəfələrlə bunun isbatına şahid olmuşuq. Amma istisnalar var və bu da qaydaları pozmur. Zaman-zaman üzülən, məhv edilən o qədər haqqlar olub ki ...

Bu gün Azərbaycan Premyer Liqasında məzmunlu, döyüşkən futbol nümayiş etdirən iki komanda adı soruşsalar, deyərəm, biri "Qəbələ"dir. Əminəm ki, bu təkcə mənim üçün yox, böyük əksəriyyət üçün belədir.

Mövsüm ərzində hətta çempionluğa oynayan "Qarabağ" və "Neftçi"nin belə pis keçirdiyi çox oyun xatırlaya bilərik. Amma "Qəbələ" üçün bu keçərli deyil.

"Sabah"a 3-0, "Neftçi"yə 4-1 uduzduğu oyunlarda belə Elmar Baxşıyevin yetirmələrinin oynadığı futbol alqış qazanıb. Böyük əksəriyyət "komanda ən azı bir xalı haqq edirdi" deyib. Amma "Qəbələ" haqqı olan o xallardan mövsüm ərzində çox məhrum olub. Bilmirsən ki, 90-da "Zirə"dən, yoxsa "Neftçi"dən buraxdığı qolu deyəsən.

Oynadığı futbolla ən pis halda (altını cızaraq deyirəm) ilk üçlükdə olmalı olan komanda bu gün beşinci pillədə qərarlaşıb. Sonuncu turda "Sumqayıt"a məğlubiyyət böyük ölçüdə komandanın avrokubok ümidlərinin də üzərindən xətt çəkmiş oldu.

İndi bölgə təmsilçisini sonuncu pillədən cəmi 4 xal ayırır. Oynadığı oyunla heç bir halda bu yeri haqq etməyən "Qəbələ", həqiqətən də çox acınacaqlı durumla üz-üzə qalıb.

İndi durub necə deyəsən ki, haqq nazilər, amma üzülməz ...

Xanoğlan İmanov

Xəbər Lenti