"Zirə" bu yerə kimi Rəşad Sadıqovla gəlib, fəqət…

18 Aprel 2021 09:40 Köşə 1 509
"Zirə" bu yerə kimi Rəşad Sadıqovla gəlib, fəqət…

Tabloda hesabı görən zənn edər ki, «Neftçi» super futbol sərgiləyib.

Oyunu görən qətiyyən şübhə etməz ki, bu, Rəşad Sadıqovun gəlişindən sonra «Zirə»nin ən zəif oyunu idi.

«Neftçi» rəqibini sonuncu dəfə 2019-cu ildə məğlub etmişdi. Sonuncu qolu da elə onda da «Zirə»nin qapısından keçirmişdilər. Odur-budur, arada keçən bütün qarşılaşmalarda ya «Zirə»yə uduzmuş, , ya da heç-heçəyə imza atmışdılar.

«Neftçi» bu dəfə üstün təsir bağışladı, layiqli qələbə qazandı, amma super oynamadı. Komanda yenə də çempionluq oyunu ilə göz oxşamadı.

Hər şey Lazar Corceviçin bir səhvindən başladı. Serbiyalı müdafiəçi 48-ci dəqiqədə Namiq Ələsgərova «al və at» deyə biləcəyimiz pası verməsəydi, tablonun bir küncünə «4», o biri küncünə də «0» yazılmayacaqdı.

Qonaqlar bu gözlənilməz, oyunun axarına uymayan xəta ilə «dağıldı». İşdir, gedişat daha bir neçə dəqiqə ölü sükut içində davam etsəydi,

«Neftçi» daha böyük qüvvə ilə irəli atılacaq, belədə «Zirə»nin sürətli əks-hücumlar qurmasına fürsətlər yaranacaqdı. Rəşad Sadıqov iki «kozır»ını – Riçard Almeyda ilə Davit Volkovu məhz bu səbəbdən kənarda saxlamışdı.

Ki, fasilədən sonra orta sahə ilə hücum xəttini «dilləndirsin». Corceviçin inanılmaz səhvi minimum 1 xal üçün meydana çıxmış «Zirə»ni oyundan tamamən qopardı, haralarasa, deyəsən, çox uzaqlara apardı.

«Zirə» bu cür başlanğıca, eyni zamanda, sonluğa hazır deyildi. «Neftçi» hansısa taktiki gedişin, təmiz qol epizodunun sonunda onların torunu silkələsəydi, heç bu qədər yanıb-yaxılmaz, qalan 42 dəqiqəni havalı kimi keçirməzdilər.

Bu yerdə xatırladım: «Neftçi» cari mövsüm iki dəfə – biri çempionat, biri kubok oyunu olmaqla, «Zirə»yə məhz kuryoz alınan qol bahasına uduzub.

Tarix yenə təkrarlandı, bu dəfə «Neftçi» nin üzünü güldürdü. O qol «hədiyyə»sindən həm Samir Abasovun, həm də Rəşad Sadıqovun çıxarmalı olduğu məntiqi nəticə var.

Abasov anlamalıdır ki, hər oyunda belə peşkəş qolların olmasını gözləməyə dəyməz, bir az da çempion kimi mübarizə aparmaq lazımdır.

Rəşad Sadıqov isə təcili analiz etməlidir ki, komandası niyə son 6 turda cəmi 1 qol vurub.

Əslində, «Zirə»yə yığılan heyətlə avrokuboklara iddia eləmək çətin məsələdir. Mövsümün əvvəli olsaydı, deyərdik ki, «Zirə» bu heyətlə 5-6-cı yerlər uğrunda mübarizə aparar.

Koronavirusa yoluxan, zədələnən və cəzalı durma düşən futbolçuların sayını bura əlavə eləsək, doğrudan da, Rəşad Sadıqovun bu komandayla boyundan yuxarı hoppandığını söyləmək lazımdır.

Ölçülü-biçili, kompakt nizama və intizama söykənən məşqçi işi «Zirə»ni kubokda yarımfinalçı etməklə yanaşı, Premyer Liqada da medallara iddiasını bu yerə kimi qoruyub saxlayıb.

Gəl ki, əksər futbolçuların fərdi səviyyəsi çox aşağıdır. Hətta o qədər aşağıdır ki, bəzən 1-2 nəfərin bu və digər səbəbdən yoxluğu komandanı meydanda nehrə kimi çalxalayır.

Xəzər Hikmət

Xəbər Lenti