"Neftçi"ni qələbədən ayıran qüvvələr

11 Aprel 2021 12:40 Köşə 2 038
"Neftçi"ni qələbədən ayıran qüvvələr

Azərbaycan Premyer Liqasının 22-ci turuna Qəbələdə start verildi.

Burada yerli komanda çempionluq mübarizəsi aparan "Neftçi"ni qəbul edirdi.
Çətin oyun olacağı öncədən proqnozlaşdırılırdı. Hər halda Elmar Baxşıyevin yetirmələrinin bu mövsüm kiməsə rahat təslim olmasını görməmişik. Bu dəfə də eynisi oldu.

İnamlı, sürətli və məzmunlu futbol nümayiş etdirən meydan sahibləri 90dəqiqə Samir Abasovun komandasına çətin anlar yaşatdı. İki dəfə hesabda önə çıxsalar da sonda qələbə hesabını qorumaq mümkün olmadı.

"Qəbələ" ilə bərabər oyunun baş hakimi Əliyar Ağayev də "Neftçi"nin əsəblərilə az oynamadı. Ən azı iki epizodda FİFA dərəcəli hakimimiz kobud qərarları ilə yadda qaldı. Öncə Emin Mahmudova qarşı edilən kobudluğua görə penal verməli olduğu halda, tam fərqli qərar verərək Mahmudovu sarı vərəqəyə "qonaq" etdi. İkinci səhv qərarı da elə penalla bağlı oldu. Düzdü, bu dəfə "Neftçi"nin təmiz penalı haqlı olaraq verildi. Amma həmin epizodda Kamal Mirzəyevə verilməli olan sarı vərəqə havada qaldı. Ağayevin cibindən çıxardığı vərəqəni havada saxlaması isə hələ də müəmma olaraq qalmaqdadır.

Kamal Mirzəyev Sabir Buqrinə qarşı qaydanı pozduğu epizodda da qırmızı vərəqəni haqq edirdi. Amma bu anda da Ağayev cəsarətli qərar verməyi bacarmdı. Ümumiyyətlə, Kamal sona kimi meydanda qalmasına görə Əliyara "çox sağ ol" deməlidir.

Görünür, Elmar Baxşıyevin hakimlərdən davamlı şikayət etməsi onları bir qədər "sirkələyib". Amma bu sirkələnmə dozasından çox olub. Hər halda Baxşıyev bizə kömək edin deməyib, sadəcə haqqımızı yeməyin deyib. Düz də deyib.

Amma "Neftçi"nin növbəti xal itkisində "Qəbələ"nin yaxşı oyunu, Əliyar Ağayevin bərbad qərarları ilə bərabər Samir Abasovun etdiyi səhv heyət seçimi də az rol oynamadı. Çempionluq mübarizəsinin ən gərgin periodunda əsas qapıçı sayılan Aqil Məmmədovu ehtiyata göndərib, Səlahət Ağayevi qapıya qoymağın adı nədir? Ağayevin "flaqman"nı ölkə kubokundan etməsi Abasova dərs olmadımı? Görünür, dərs olmayıb.

İlk fürsətdə Abasovun üzünü "ağ" edən Səlahət bu dəfə də öz ampulasındaydı. Məhz onun çıxışdakı kobud səhvi ikinci qolla nəticələndi. Kamal Mirzəyev bir qədər diqqətli olsaydı Ağayevi eyni səhvindən növbəti dəfə cəzalandıra bilərdi.

Digər yandan da Honda məsələsi var. Abasovun yaponiyalını oynatmaq məcburiyyəti hələ çox baş ağrısı olacaq. Düzdü, məşhur futbolçu ilk oyunla nisbətdə bu dəfə daha yaxşı təsir bağışladı. Bir neçə kritik qol ötürmələri verməyi də bacardı.

Amma kor-kor görsənir ki, adam 90 dəqiqə mübarizə aparmaq gücündə deyil. Abasov ya bunu görmür, yada görməzdən gəlir. Nə vaxta kimi? 6 dəfə də gözünü yumub-açandan sonra görəcək ki, çempionat başa çatıb. Onda nə Honda olacaq, nə Səlahət, nə də çempionluq. Bəlkə, heç özü də olmadı.

Bir sözlə, Abasovun gəlişindən sonra yaxşı nəticələr qazanmaqla çempionluq mübarizəsinə qoşulan "Neftçi", elə onun da sayəsində çempionluqdan uzaqlaşmaq yolunda iri addımlar atmaqdadır.

Xanoğlan Imanov

Xəbər Lenti