Abasovun Honda dərdi

10 Aprel 2021 15:00 Köşə 2 686
Abasovun Honda dərdi

Hondanın "Neftçi"yə transferi futbol ictimaiyyətində böyük əks-səda doğurdu.

Bu da səbəbsiz deyildi.

Bir vaxtlar "Milan"da çıxış etmiş yaponiyalı sıradan bir futbolçu deyil.

Yaşı çox ola bilər, formasından uzaq ola bilər, lap fiziki durumu da yerində olmaya bilər, amma adı hələ də üstündədir - Keusike Honda.

Məhz elə təkcə bu məqam ona fərqli münasibət göstərilməsini tələb edir. Amma baş məşqçi də bu qayğını elə göstərməlidir ki, komandada fəsadları ortaya çıxmasın.

Əksər komandalarda adına, gücünə görə diqqət göstərilməli, nazı ilə oynamalı futbolçular zaman-zaman olur.

Götürək, elə Ayxan Abbasovun çalışdırdığı "Sumqayıt"ı. Rəhim Sadıxovu "kimyaçılar"ın Hondası saymaq olar.

Məhz elə "Neftçi" ilə oyundan sonra Abasov açıqlamasında demişdi ki, "Rəhim qayğı göstərilməsini istəyən futbolçudur".

Görünür, baş məşqçi də bu qayğını lazım olan səviyyədə futbolçuya verə bilir. Ki, Rəhim öz oyunu ilə komandasına fayda verir. Digər yandan da başqa futbolçulardan bu münasibətlə bağlı narazıçılıq eşitməmişik.

Amma Samir Abasov Honda ilə münasibətlərdə deyəsən, orta xətti tutmağı hələ də bacarmayıb.

Belə olmasaydı "Sumqayıt"la oyunun ilk hissəsində elə də pis çıxış etməyən Yusif Laval fasilədə Honda ilə əvəzlənməzdi. Məhz bu qərardan sonra Laval ona qarşı fərqli münasibət göstərilməsindən şikayətlənib.

Bu gün Laval bunu edirsə, sabah da Buqrin eyni narazıçılığı edə bilər. Əgər ötən oyunun sonuncu 45 dəqiqəsini meydanda gəzən Honda bu gün start heyətində oyuna başlayacaqsa niyə də yox?

İstər-istəməz bu məqamlar narazıçılıq yaradacaq. Bunun hansı sonluqla nəticələnə biləcəyini isə izah etməyə gərək yoxdur.

Ona görə də nə qədər ki gec deyil, Samir Abasov Honda ilə münasibətlərdə orta xətti tutmağı bacarmalıdır. Yoxsa çempionluq yolunda ən böyük zərbəni elə çempionluq üçün transfer edilən Hondadan almış olacaq.

Xanoğlan İmanov

Xəbər Lenti