Azərbaycanlı və erməni futbolçunun fərqi

1 Aprel 2021 14:20 Köşə 1 340
Azərbaycanlı və erməni futbolçunun fərqi

Latviya, Gürcüstan, Şimali Makedoniya, Qazaxıstan, Ermənistan. Bu ölkələr Avropa futbolunda nəhəng sayılmırlar axı.

Amma Latviya Türkiyə ilə oyunda, Gürcüstan İspaniya və Yunanıstanla qarşılaşmalarda, Şimali Makedoniya Almaniyanı məğlub etdiyi oyunda, Qazaxıstan Ukrayna, Ermənistan Rumıniya qarşısında necə təsir bağışlayırdılar?

Yəni futbolu necə oynayırdılar? Başla, başla, başla oynayırdılar. Ayaqla yox ey, başla.

Futbolu ayaqla yox, başla oynamağın fərqi odur ki, oynadığın futbolda elm, intellekt, düşüncə, ani və düzgün qərar qəbul etmək bacarığı var.

Yadımdadır, 17 yaşlılardan ibarət yığmamız Bakıda Xorvatiya ilə qarşılaşırdılar. Deyəsən, 0:3 hesabı ilə məğlub oldular. O oyundan sonra yazdım ki, utandım bu yeniyetmələrimizə görə.

Meydanda aşkar hiss olunurdu ki, bizim yeniyetmələrdə intellekt çatışmır. Top ayağa düşəndən sonra futbolçu başını işə salmalıdır.

Meydanı görməli, komanda yoldaşlarından kimin yaxşı mövqedə olduğunu müəyyənləşdirməlidir. Bütün bunlar isə bir saniyə ərzində edilməlidir.

Bunu bacarmaq isə intellektin gücündədir. Bizim yeniyetmələr isə topu 4-5 saniyə ayaqda saxlayırdılar, amma hansı qərarı verəcəklərini müəyyənləşdirə bilmirdilər.

Yadımdadır, həmin vaxt xeyli oxucu məni qınamışdı, hətta söymüşdülər də. Guya yeniyetmələri ruhdan salıram.

Həmin vaxt məni qınayanlar, söyənlər indi Azərbaycan yığmasının futbolçularını söyürlər. Və onların söydükləri futbolçular mənim o vaxt tənqid etdiyim yeniyetmələrdir yəqin ki.

Söyməyin. Çünki Azərbaycan yığmasının məğlubiyyətində futbolçuların heç bir günahı yoxdur. Nöşün ki, onları necə öyrədiblərsə, eləcə də futbol oynayırlar.

Azərbaycanda uşaqları ancaq və ancaq ayaqla top oynamağa alışdırıblar. Zatən başla oynamağı öyrədəcək şərait və mütəxəssis yoxdur.

Biz illərdir bunu deyirik: deyirik ki, ay istedadlı dələduzlar, xaricdən əsas yığmaya məşqçi gətirib onlara milyonlar verməyin.

O vəsaiti uşaq futbolunda infrastrukturun qurulmasına yönəldin. Xaricdən uşaq məşqçiləri gətirin. Azərbaycanlı uşaq məşqçilərini xaricə göndərin, təhsil alsınlar, görüb-götürsünlər.

Onların məvacibini artırın. 300 manat məvacib alan məşqçi uşağın valideyninin əlinə baxacaq. Və beləcə, istedadlını istedadsıza qurban verəcək.

Azərbaycan yığmasının üzvlərini söyməyin, onlar həqiqətən də meydanda can qoyurlar. Amma neynəsinlər ki, bacardıqları budur, öyrəndikləri budur.

Öyrəndikləri isə futbolu ancaq ayaqla oynamağa yetərlidir. Bütün dünyada isə futbol çoxdan başla oynanılır. Təkcə futbol yox, döyüş də başla aparılır.

Bax, Azərbaycanın xüsusi təyinatlıları 44 günlük müharibədə təkcə iradə, əzmkarlıq, yaxşı təchizat hesabına düşməni darmadağın etmədi, həm də başla – intellektlə döyüşdü.

O xüsusi təyinatlılar xüsusi təlim almışdılar – döyüşü başla aparmaq təlimi. Ona görə də, Azərbaycan əsgərinin qarşısından qaçırdı erməni əsgər.

Vəssalam, hər şey bu qədər sadə. Amma azərbaycanlı futbolçu erməni futbolçu deyil. Aşkar görünür ki, zəifdir azərbaycanlı.

İntellekti, düşüncəsi, məntiqi zəifdir. Futbolçuları söyməyin. Söyüləsi adamlar başqalarıdır.

Natiq Muxtarlı

Xəbər Lenti