De Byazidən "Neftçi"yə vurulan zərbə

30 Mart 2021 19:00 Köşə 3 366
De Byazidən "Neftçi"yə vurulan zərbə

Bu gün Azərbaycan millisi DÇ-nın seçmə mərhələsi çərçivəsində Serbiya millisini qonaq edəcək.

Millimizin baş məşqçisi Canni De Byazi sərəncamında olan 30 futbolçudan ilk 23-lüyü təyin edib.

Kənarda qalanlar arasında Rəhim Sadıxov, Namiq Ələsgərov kimi adların olması təəccüb doğurmaya bilməz.

Namiq Ələsgərovun başına gətirilənlər isə daha çox narahatçılıq yaradır. Bu da əbəs deyil. Hər zaman istedadlı futbolçularımızdan olan Ələsgərov son illərin, bəlkə də karyerasının ən pik formasındadır.

Bəstəboy hücumçu hazırda Premyer Liqada 14 qolla bombardirlik cədvəlinə başçılıq edir. Bu gün "Neftçi" liderdisə, bunda Ələsgərovun vurduğu kritik qollar da az rol oynamayıb.

Amma təəssüf ki, De Byazi Namiqlə bağlı başqa fikirdədir. Öncə Portuqaliya ilə oyunda ehtiyatda qalan futbolçu, sonra Qətər millisinə qarşı görüşdə də ilk onbirlikdə şans qazanmadı.

Bu gün isə Serbiyaya qarşı oyunda məşqçi onun adını ilk 23-lükdən kənarda saxlayıb.

Portuqaliya millisi ilə oyunu başa düşdük. Tutaq ki, müdafiə taktikası seçməyimiz Namiqin az oynamasını şərtləndirirdi. Bəs Qətərlə oyunda niyə Namiqə az şans verildi?

Bu gün Serbiya millisi ilə doğma meydanda oynayırıq. Sonuncu dəfə meydandan xalla ayrılmağımızın isə azalır ili tamam olsun.

Belə durumda bombardirin kənarda saxlanması nəyə hesablanıb? Hər halda bu sualların cavabını De Byazi daha yaxşı bilir.

Amma o da gün kimi ortadadır ki, bu qərardan təkcə milli yox, həm də "Neftçi" tərəfi ziyan çəkəcək. Hər halda 14 qolla özü bombardir, komandası lider olan hücumçunun kənarda saxlanması futbolçuya ciddi psixoloji təsir qoyacağı qaçılmazdır.

Belə şərtlər altında onun əvvəlki kimi oynaması da çətin görünür.

İnanaq ki, Namiq ona qarşı edilən bu haqsızlığa meydanda vurmağa davam edəcəyi qollarla cavab vermiş olar. Yoxsa De Byazi bu qərarına görə "Neftçi" tərəfindən hələ çox "xatırlanacaq" ...

Xanoğlan İmanov

Xəbər Lenti