Əkilməyən torpaqda biçin?

29 Mart 2021 16:00 Köşə 822
Əkilməyən torpaqda biçin?

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin ilk qarşılaşmasında Portuqaliyaya 0:1 hesabı ilə məğlub oldu.

Məğlub olmadı ey, canını götürüb qaçdı İtaliyadan. Portuqallar ilk hissədə azərbaycanlı futbolçulara top vermədilər.

Saysız-hesabsız qol vəziyyətlərindən yararlana bilmədilər, amma həyəcandan özlərini itirən azərbaycanlılar elə öz qapılarına qol vurdular.

Portuqallara aydın oldu ki, bu komanda ilə futbol oynamağa dəyməz. Lap bir il də sərasər oynasalar, azərbaycanlılar onların qapısına qol vura bilməyəcəklər.

Ona görə də ikinci hissədə azərbaycanlılara da top verdilər.

Bundan yararlanan Azərbaycan yığması bir neçə dəfə Portuqaliyanın cərimə meydançasına yaxınlaşdı. Hətta, hərdən çaşıb qapıya tərəf zərbə də vurdular.

Bundan vəcdə gələn bəzi azərbaycanlı azarkeşlərdə belə qənaət formalaşdı: “De Byaziyə vaxt vermək lazımdır, gec-tez nəticə də olacaq”.

Ay sizin qadanızı alaq, AFFA-da prezident dəyişikliyinin baş verdiyi tarixdən götürsək, “tez”iniz artıq 13 ili keçib, “gec”iniz nə vaxt gələcək?

Bir şeyi də deyək, qulağınızda sırğa olsun. Nəticə biçindir. Yəni əkməlisən ki, biçəsən, nəticəsini görəsən. Futboldakı nəticə də futbolçu yetişdirməkdir.

Biçmək üçün torpaq şumlanmalı, toxum səpilməli, aqrotexniki qaydalara riayət edilməlidir. Futbolçu məhsuldur ey, məhsul.

Başa düşün ki, Azərbaycanda futbolçu yetişdirmək üçün nə torpaq şumlanıb, nə də toxum əkilib.

Bəs nəyi biçəcəksiniz, nəticəniz nə vaxt olacaq əkilməyən torpaqda?

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"