Nə durmusuz, yenə pul paylayın!

28 Mart 2021 09:40 Köşə 1 072
Nə durmusuz, yenə pul paylayın!

Harada qalmışdıq, oradan da davam edirik.

Heç o yan-bu yanaa baxmadan.

Yaxındakılardan və uzaqdakılardan utanıb eləmədən, bir damcı xəcalət təri axıtmadan.

DÇ-2022-nin seçmə mərhələsinə Turində başladıq. «A» qrupunun ilk turunda Portuqaliyanın nominal qonağı olduq və uduzduq. Hesab 0:1-dir, 0:10-dır, fərq etməz, məğlubiyyət məğlubiyyətdir.

Biz o gecə Turində heç nə etmədik, səhərə qədər meydanda qalsaydıq, yenə rəqibə qol vura bilməyəcəkdik. Pərişan halıyla qanımızı qaraldan baş məşqçi və futbolçularına AFFA-nın göstərməsi gərəkən münasibət sərt olmalı idi.

Amma cənablar nə etdi, gördüz də. 10 min mükafat vəd elədilər. Ondan ötrü ki, Portuqaliya qarşıısında edə bilmədiklərini Qətər önündə həyata keçirsinlər. Gözdə, keçirdilər a…

De Byazi bir «mıx»dır. AFFA gətirib italyanı «paz» edib bizə. O birilərindən əlimiz yağa bulaşmışdı, bu qocanın gəlişiylə barmaqlarımız bala batacaqmış.

Gözdəyin, ay batdı a…

Batmaq demişkən, həqiqətən bu batmaq o batmaqdandır. De Byazi 8-9 aydır görəvinin başındadir, hələ də nə istədiyini bilmək, hiss etmək, görmək olmur.

Deyəsən, heç özü də bilmir.

Karlos Alberto Torres Azərbaycan yığmasının sükan arxasına keçəndə, təqvim idi 2004 idi. Uzaq Braziliyadan Azərbaycana gələr-gəlməz buradan İsrailə yollanmışdı.

Tanımadığı, ilk dəfə gördüyü futbolçularla səfərdən 0:6 hesablı məğlubiyyətlə dönmüşdü. Bu, Torresə necə pis təsir etmişdisə, hələ oyunun gedişində texniki zonaya dönüb, köməkçilərinə «biz hara gəlmişik» sualı vermişdi.

Hirsindən dodaqlarını çeynəyən braziliyalı əfsanə Bakıya dönüş zamanı, təyyarədə infarkt keçirmişdi.

Bunu təsadüfən xatırlamadım. Torres necə gəlmişdisə, elə də getməyə hazırlaşırdı. AFFA-nın ovaxtkı rəhbərliyi onu birtəhər dilə tutub, yenicə başladığı işin başında dayanmasını xahiş etmişdi.

Düzdür, yarlı-yaraşıqlı məşqçi epitetlərinin heç biri Torresin əyninə biçilməmişdi, amma onun bir duruşu, qüruru, şəxsiyyəti var idi.

Məğlubiyyətlə barışmır, hücum futbolu oynadırdı, komandasına rəqiblərdən çəkinməməyi öyrədirdi, uduzduğunda, dəliyə dönürdü.

De Byazi isə texniki zonada boynunu büküb dayanır. Tipik «zavallı qoca» rəsmi çəkdirir, elə bil.

İlk turda uduzduğumuz Portuqaliya idi, AFFA onlara görə adambaşı 10 min manatı ödəməyi məsləhət bildi. Qətər da Asiya çempionudur, yəqin ki, AFFA onlara görə də bir o qədər xərcə düşməyi qərara alır.

AFFA-ya nə var, pul dövlətin, ad dövlətin. Əsas daddır, onun da tamını yalnız özləri bilir. Büdcəni boşaltmaq naminə «köhnə üsul»a baş vurmaq da bacarıq istər.

O da bunlarda. Nə qədər desən, nə qədər istəsən, nəvaxtadək istəsən…

Onminlərin, yüzminlərin başına baş salmaq üçün nəticə önəmsizdir: rəqibin adı və statusu bəs edir. «Çempiona uduzmuşuq» bəhanəsi ilə son məğlubiyyətlərin də astarına üz çəkəcəklər.

Bunlar buna öyrəşib. Mükafat faktını danmaqlarını boş verin. AFFA-dakılar nə vaxt düz söz danışıb ki, indi də danışsınlar? Bu, onlarlıq deyil. Onlarınkı hər uğursuzluğa bir don geyindirməkdir. Həm də ki, büdcəyə.

Nə durmusuz, nə gözünüzü döyürsüz, bir 10 mini də Qətərə görə verin.

Xəzər Hikmət

Xəbər Lenti