Hələ də 0:1 hesablı məğlubiyyətə niyə sevinirik?

26 Mart 2021 09:40 Köşə 987
Hələ də 0:1 hesablı məğlubiyyətə niyə sevinirik?

"Biz 20-25 il əvvəl də 0:1-ə sevinirdik, indi də sevinirik. Yəni həqiqətən bu müddətdə heç nə dəyişməyib?".

Həmkarım Ruslan Sadiqov Azərbaycan yığmasının Portuqaliyaya məğlubiyyətindən sonra "facebook"da verib bu sualı.

Adamı düşünməyə məcbur edən sualdır.

Əslində, dünya futbolunda çox şey dəyişib. Futbol elmlə biznesin vəhdətinə çevrilib. Elmlə biznesin vəhdəti isə futbola həvəskar münasibət göstərən ölkələri də peşəkarlaşmağa vadar edib.

20-25 ildə Lixtenşteyn, Lüksemburq kimi ölkələr futbolda dağ adlayıblar. Cəbəllütariq FİFA və UEFA-ya qəbul edilib və qısa müddətdə elə bir inkişaf yolu keçib ki...

Azərbaycan futbolunda da dəyişikliklər olub.

Məsələn, AFFA rəhbərliyi oğulun başını qatmaq üçün futbol klubu yaratmağın ən optimal variant olduğunu müəyyənləşdirib.

Məsələn, AFFA-nın vitse-prezidenti 14 il əvvəl futbol təsərrüfatına gələrkən atasının əlinə baxan «qaqulya» idisə, indi sanballı oliqarxdır. O, futbolun biznes tərəfini mentalitetinə uyğun olaraq mənimsəməyi bacardı.

Azərbaycanda belə kadrlarin yolu həmişə açıqdır, onlar toxunulmazdırlar. Niyə? El arasında deyirlər ki, belələri özü də yeyir, lazım olan adamları da yedizdirməyi bacarır.

Lazım olan adamlar üçün lazımlı kadrdır. Bizim 25 ildən sonra da 0:1 hesablı məğlubiyyətə sevinməyimiz də qəribə deyil. 25 ildən sonra da 0:1 hesablı məğlubiyyətdə əzmkarlıq elementləri görüb vəcdə gəlirik.

Yadıma Vaqif Sadıqovun Hans Yurgen Gedenin oyun fəlsəfəsində yeni elementləri görməsi düşür. Vaqif müəllim indi də yıgmanın əcnəbi məşqçilərinin oyun fəlsəfəsində yeni elementlər tapır.

Amma bu "yeni elementlər" yığmanın 0:1 hesablı əzmkar məğlubiyyətindən o tərəfə hoppanması üçün yetərli olmur.

Nöşün? Ona görə ki, bütün dünyada düşüncə də dəyişir. Düşüncə dəyişir ey, düşüncə. Biz isə hələ də Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni oxuyub "onlar dahi olublar, bu günü görüblər" deyirik.

Onlar bu günü görməyiblər, öz dövrlərini yazıblar. Dəyisməyən bizim düşüncəmizdir ki, hələ də onların yazdıqlarında özümüzü görürük.

Məsələn, bunlar tipik Xudayar bəy deyilmi? Özüdür ki, var. Bunlar sizə Şeyx Nəsrullahı xatırlatmır?

Bəs Vaqif Sadıqov kimdir? "Ölülər"i, "Danabaş kəndinin əhvalatları"nı oxusanız, xeyli Vaqif Sadıqov görəcəksiniz.

Və beş-altı jurnalist də var ki, "Şeyx Nəsrullaha inanmayın" deyir. Onlar da olsunlar Kefli İsgəndər.

Ruslan, əziz həmkar, 20-25 ildə çox sey dəyişib. Dəyişməyən bizim düşüncəmiz. Sadəcə Məmmədhəsən eşsəkdən düşüb "Mersedes"ə minib.

Vəssalam. O Məmmədhəsən hər yerdədir.

Yenə də 0:1 hesablı məğlubiyyətə şükür edir. Şeyx Nəsrullahın Yaponiyadan gətirdiyi Hondanın futbolumuzu diriltməyəcəyini deyən jurnalisti - Kefli İsgəndəri söyür o Məmmədhəsən, onu bu işə şəkk etdiyi üçün kafir adlandırır.

Dəyişən çox şey var, dəyişməyən isə bir - düşüncə.

P.S. Portuqaliya-Azərbaycan oyununa oğlumla birgə baxırdım. İlk hissənin ortalarında oğlum "ata, futbolu zəif oynamaq başqa şeydir, futboldan anlayışın olmamağı başqa sey" deyib, getdi yatmağa.

Burda da hədəf düşüncədir!

Natiq Muxtarlı

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!