Perspektivsiz millinin məğlubiyyətinə sevinərkən... "Nəsil dəyişməsi" haqda nağıl

25 Mart 2021 17:40 Köşə 1 325
Perspektivsiz millinin məğlubiyyətinə sevinərkən... "Nəsil dəyişməsi" haqda nağıl

Canni De Byazinin təyinatından öncə, namizədliyi gündəmdə olanda mövcud reallıqda bu seçimin çox yaxşı olduğunu deyirdim, yazırdım.

İtaliyalı mütəxəssis Portuqaliya ilə oyunda bir daha fikrimdə yanıltmadığını göstərdi. Birinci hissədə komandamız cərimə meydançamızdan kənara çıxa bilməsə də, bu baş məşqçimiz taktikası idi. Və etiraf etmək lazımdı ki, kifayət qədər də uğurlu alınırdı, nəticə verirdi. Şahruddinin səhvi olmasa bəlkə də...

Dağıstanlı qapıçı çox güman karyerasının ən yaxşı oyununu keçirirdi. Amma burda qeyri-adi heç nə yoxdu. Güclü komandalarla matçlarda zəifərin qapıçıları hər zaman fərqlənmək imkanı qazanır. Portuqaliya ilə 22 il əvvəlki heç-heçəmizdə də qarşılaşmanın qəhramanı çoxsaylı seyvlər edən qapıçı Dmitri Kramarenko olmuşdu.

İkinci hissədə bizə qol vurmaq lazım olanda isə De Byazi hücumda da ideyalarının olduğunu gördük. Məncə, o milli tarixinin ən yaxşı məşqçisi ola bilər. Hələlik bu mənə görə Robert Prosineçkidi. Xorvatın dövründə milli xüsusən hücumda məzmunlu oyunu göstərirdi. Amma qlobal yanaşsaq bütün bunlar çox da ciddiyə alınası məsələlər deyil. Deyək ki, De Byazi bu futbolçulardan yaxşı komanda qurdu. Yekun nəticədə biz dünya və ya Avropa çempionatının final mərhələsinəmi yüksələcəyik? Əlbəttə ki, yox! Bu heyətdən hansısa futbolçumuz dünya ulduzunamı çevriləcək? Yenə, yox! Bəs dövlətin vəsaitini illərdir əcnəbi məşqçilərə, futbolçulara dağıtmağın mənası, məramı nədi?!

Azərbaycan futbolunun inkişaf strategiyası, planı, proqramı yoxdu.

Kağız üzərində bəlkə də var. Amma bu formallıq xatirinədi. Əsas məqsəd təbii ki, başqadı. Belə olmasaydı, indi biz tam fərqli milli, tam fərqli futbolçular görərdik, DÇ, AÇ final mərhələlərinə də xəyal kimi baxmazdıq. Futbola yatırılan milyardlar buna tam əsas verirdi. Amma futbola yatırılan pullar təyinatı üzrə xərclənmədi, oğurlandı, ciblərə, şəxsi bank hesablarına getdi.

Yekunda 2005-2015-ci illərdə futbolun inkifına dair Dövlət Proqramının birməsindən 6 sonra Azərbaycan futbolu ağlamalı vəziyyətdədi. Bu proqram yazılan gündən bu yana məşqçilər, futbolçular, xadimələr, sürücülər dəyişib. Bircə rəhbərlər dəyişməyib. Onlar isə hər dəfə yeni bir nağıl, hər gün bir yeni nəğmə fikirləşib xalqın başını qatırlar.

Bu dəfə yeni bəhanə "Millimizdə nəsil dəyişməsi" adlanır.

"Nəsli dəyişən milli"nin heyətində müxtəlif xəttlərdəki əsas oyunçularımıza diqqət edək:

Kapitan Maksim Medvedev 1989, iranlı legioner Əli Qurbani 1990, dağıstanlı Bədavi Hüseynov 1991, Rusiya futbolunun yetirməsi Emin Mahmudov 1992, dağıstanlı Şahrudin Maqomedaliyev 1994, dünən meydanda olmasalar da komandamızdakı yerləri şübhə doğurmayan Qara Qarayev 1992, Təmkin Xəlilzadə 1993 təvəllüddü. Başqaları da 1995, 1996 və s. Bəh-bəhlə gətirilən ukraynalı legioner Anatoli Nuriyev də 96-dı. Bu futbolçu 3-4 ilə uzağı 3-4 qol vurmaqla millimizə nə xeyir verəcək, uzaq perspektivdə nə edəcək?! "Nəsli dəyişən millidə" 19-20 yaşlı futbolçu yoxdu, yəni. Daha 17-18 yaşlıların heç adını çəkmirəm.

Birmənalı olaraq millimizin hazırki heyətinin heç bir perspektivi yoxdu.

Bu necə nəsil dəyişməsidi? İrandan 31 yaşında legioner gətirməklə nəsil dəyişilir? Millinin heyətinin əksər futbolçuları xaricdə yetişib, çoxu yerlilərdən heç nə ilə fərqlənməyən ortabab səviyyəli yaşlı legionerlərdi.

Kimə kələk gəlirsiniz? Bunun harası nəsil dəyişməsi oldu? Heç olmasa legioner gətirirsiniz 17-18 yaşlı əcnəbi istedad tapın millidə oynadın ki, gələcəkdə bəlkə faydası ola. Elə yerli futbolçulardan da 16-17-18 yaşlı yeniyetmələri, gəncləri əsas milliyə cəlb edin püxtələşsinlər. Bu yolla bəlkə nə vaxtsa 5-10 ilə hansısa inkişaf cücərtiləri görərik. Belə bir komanda yığılsa De Byazi illər sonra bəlkə də nəticə verər.

Hələliksə, o nə qədər yaxşı məşqçi olsa da, millinin futbolçularının potensialı ciddi uğur qazanmağa, bərbad idarəçilik isə gələcəyə nikbin baxmağa imkan vermir. Bu səbəbdən ara-sıra Portuqaliyaya minimal hesabla uduzmağa belə sevinməklə ömrümüzü çürüdəcəyik...

...AFFA rəhbərliyi dəyişən günəcən!

Anar Şabanoğlu

Xüsusi olaraq Sportinfo.az üçün

Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı