Əvvəldə AFFA rəhbərliyi, sonda Qurban kimilər

21 Mart 2021 17:40 Köşə 1 395
Əvvəldə AFFA rəhbərliyi, sonda Qurban kimilər

Azərbaycan millisi martın 24-ü 2022-ci ildə baş tutacaq dünya çempionatının seçmə mərhələsinə start verəcək.

Komandamız ilk görüşünü səfərdə Portuqaliya millisinə qarşı oynacaq.

3 gün sonra isə Bakıda Serbiya millisini qəbul edəcəyik. Məsul görüşlərlə əlaqədar baş məşqçi De Byazi vaxtından əvvəl heyəti bir yerə yığıb. Bakıda baş tutacaq toplanışa görə 15 martdan ölkə çempionatına fasilə verilib.

Dünən isə AFFA rəhbərliyi kollektivə baş çəkib. Məşqçi və futbolçu heyətinə qarşıdakı görüşlərdə uğurlar arzulamaqla bərabər, onlara Novruz bayramı təbrikini də çatdırıb.

Artıq bu görüşlər ənənə halını alıb. Berti Foqtsdan tutma ta De Byaziyə kimi. Hətta "torba tikilən" Qurban Qurbanovla belə bu hal yaşanıb.

Federasiya rəsmiləri hər tskildan öncə formal xarakterli bu görüşlə nə demək istəyir? Yəni milli, biz sənin yanındayıq? Yəni baş məşqçi biz sənə güvənirik?

Bu ismarıclar motivasiya vermək adı altında məsuliyyətdən yaxasını kənara çəkməkdir.

Əziyyət çəkib, geyinib-keçinib millinin məşqinə gəlməkdənsə, yaxşı olardı ki, hər seçmə mərhələnin başlanğıcında yox, elə hər gün, hər saat futbolumuzun bərbad durumuna iş otağınızdan göz gəzdirərdiniz.

Nöqsanların, problemlərin həllinə fayda vermiş olardınız.

O zaman saxta görüşlərə, gülüşlərə ehtiyac qalmazdı. Heç məsuliyyətdən yan qaçmaq üçün bəhanə axtarmağa da gərək olmazdı.

Nəticə olardı və sizlər tsklın əvvəli yox, sonunda geyinib-keçinib təbrik üçün gələrdiniz. Seçmə mərhələnin əvvəli sizləri, sonunda isə günahkar libasına bürüyüb istefaya yolladığınız baş məşqçiləri görməkdən yorulduq.

Allah sizlərə əvvəldə yox, sonda görünməyi, ortaya çıxmağı nəsib eləsin.

Uğursuzluqada mərdliklə, uğurda qururla! O da varsa əyər ...

Xanoğlan İmanov

Xəbər Lenti