"Neftçi"ni çempionluğa aparan yol

18 Mart 2021 16:00 Köşə 985
"Neftçi"ni çempionluğa aparan yol

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya və Serbiya millilərinə qarşı oyunlarına görə Premyer Liqada təxminən 3 həftəlik fasilə yarandı.

Hazırda lider olan "Neftçi" üçün bu fasiləni çempionluq yolunda faydalı saymaq olar.

Əvvəla bu yolda əsas rəqib sayılan "Qarabağ" faktiki "dağılıb". Heyətin böyük əksəriyyəti əsas milli komandamıza çağırılıb. Bundan əlavə bir başqa əsas heyəti üzvü Patrik Andrade də uzun fasilədən sonra ölkəsinin millisinə dəvət alıb.

Əcnəbi futbolçunun hazırkı "Qarabağ"da faydalı iş əmsalını detallı izah etməyə ehtiyac yoxdur. Qurban Qurbanov faktiki olaraq 8-9 futbolçunun ümidinə qalıb.

Son 4 oyunda qələbə qazanan ağdamlılar həm də yaxşı forma yığmağı bacarmışdı. Yaranmış fasilədən sonra hazırkı formanı bərpa etmək zaman alacaq. O zaman isə yoxdur.

Bunun fonunda "Neftçi"də vəziyyət çox yaxşıdır. Cəmi 3 futbolçu əsas millimizə qoşulubsa, legionerlər bağlı durum isə "Qarabağ"la eynidi. Yalnzı Mamadu Kane ölkəsinin millisinə dəvət alıb.

Bundan başqa Keysuki Hondanın transferi "Neftçi" camiyəsində əla atmosfer yaratdığı bir həqiqətdir. Fasilə isə həm də yaponiyalı futbolçunun yeni komandasına uyğunlaşması üçün bir fürsət olacaq. Oynanınlacaq bir yoxlama görüşü isə lap göydəndüşmə olacaq. Samir Abasov da bunu əbəs yerə demirdi.

"Qarabağ" iki cəbhədə - həm Premyer Liqa, həm də ölkə kubokunda mübarizəni davam etdirir. "Neftçi"nin isə belə bir məcburiyyəti yoxdur. Kubokdan kənarda qalan Samir Abasovun komandası bütün gücünü, fikrini eyni nöqtəyə - Premyer Liqaya cəmləyə bilər.

Bir sözlə, çempionluq yolunda bütün müqayisələr hazırda "Neftçi"nin xeyrinədir. Uzun aradan sonra böyük həsrətə son qoymaq üçün ən gözəl fürsət yaranıb. Qalır bunu dəyərləndirmək. Onu isə zaman göstərəcək.

Xanoğlan İmanov

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!