“Qarpız”ı burax, qaç, Şeydayev!

9 Mart 2021 16:00 Köşə 2 498
“Qarpız”ı burax, qaç, Şeydayev!

Ramil Şeydayev Rusiya yığmasını seçsəydi, indi Avropanın ortabab, ya da şimal qonşumuzun ən güclü klublarından birində çıxış edirdi.

Amma onda əhli-Azərbaycan Ramil Seydayevi satqın hesab edəcəkdi.

Necə ki, Aleksandr Səmədovu satqın çıxartmışdılar. Seydayev "satqın" olmaq istəmədi, Azərbaycan yığmasını seçdi.

Həmin vaxt “silahı” vətənpərvərlik olan qaragüruh onun şəninə xeyli tərif söylədi, Aleksandr Səmədovla müqayisə etdilər.

Seydayevi öydülər, Səmədovu söydülər. Ki, əsl vətənpərvər belə olar. Beləcə, yekə bir “qarpız” verdik Ramilin qoltuğuna.

Seydayev Azərbaycan vətəndaşlığını qəbul edincə, Rusiyada legioner sayıldı. Və bununla da karyerasını “öldürdü”.

AFFA qoltuğunda “qarpız” olan Şeydayevi o ölkədən bu ölkəyə, bu ölkədən o ölkəyə atdı. Axırda Azərbaycanda qərar tutdu.

Əgər buna "qərar tutdu" demək olarsa. Yeniyetmələr arasında Avropa çempionu, Avropa çempionatının bombardiri olan Şeydayev qoltuğundakı “qarpız”la birlikdə bataqlıqda batmağa başladı.

İndi əhli-Azərbaycan deyir ki, günah özündədir. Tamamilə haqlıdır əhli-Azərbaycan.

Azərbaycanın müasir futbol təsərrüfatı heç vaxt Ramil Şeydayev kimi futbolçu yetişdirə bilməz.

Onu Rusiya yetişdirmişdi və inkişafı da ya Rusiyada, ya da Avropada idi.

Azərbaycan yığmasını seçmək özünə ölüm fərmanı vermək idi. Böyük ehtimalla, Ramil Şeydayev Azərbaycan futbol təsərrüfatına kimlərin rəhbərlik etdiyi, onların məqsədlərinin nə olduğu barədə dolğun məlumata sahib olmayıb.

Məlumatlı olsaydı, özü özünə ölüm hökmü kəsməzdi ki. Axı sən futbolçu kimi inkişaf edə biləcəyin ölkəni qoyub Azərbaycana niyə gəlirdin?

Axı bu bataqlıqda nə ölüm axtarırdın ki, indi də batasan?

Dünən qoltuğuna “qarpız” verənlər bu gün sənə nəinki dəstək olmaq istəmirlər, hətta ittiham edirlər, Ramil.

Qoltuğundakı “qarpızı” burax, özün cəhd et xilas olmağa, qaç bu ölkədən, oğlan. Qaç ki, canını və karyeranı xilas edə biləsən.

P.S. Rusiya çempionatında oynayan, sənin yolunu getmək istəyənlərə də xəbərdarlıq et, de ki, bu yol bataqlığa aparır. Bəlkə səni eşidib, yolu dəyişdilər. Yazıqdırlar.

Natiq Muxtarlı

Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!