Ramil Şeydayev yaxşıdır, ətrafı pis?

8 Mart 2021 17:40 Köşə 1 720
Ramil Şeydayev yaxşıdır, ətrafı pis?

Azərbaycanda məşhur bir deyim var - flan rəhbər, müdir, idarəçi və.s yaxşıdır, ətrafı pis.

İndi Ramil Şeydayevin də məsəli ona dönüb.

Hücumçunun düşdüyü duruma görə biri AFFA-nı qınayır, digəri Qurban Qurbanova ilişir. Oynadığı bütün klubları qınayanlar da az deyil. Ki, Ramil kimi istedadı niyə məhv etdiz.

Bir sözlə, hamı günahkardı. Bircə Ramildən başqa.

Əsl həqiqət nə deyir?

Öncə Ramil Şeydayevin Azərbaycan millisində oynadığı dönəmə kimi və ondan sonrakı karyerasını əhatə edən statistikaya baxaq.

Azərbaycan millisində oynamaq qərarı verənə kimi Rusiyanın aşağı yaş millilərində 49 oyuna 33 dəfə fərqlənməyi bacarıb. Klub səviyyəsində isə "Zenit"in əvəzedicilərində 44 oyuna 28 dəfə rəqib torunu silkələyib.

İndi isə Azərbaycan millisini seçmək qərarından sonrakı duruma baxaq. Milli səviyyədə meydana çıxdığı 29 oyunda cəmi 4 dəfə fərqlənib. 29 oyunun 3-də U-21-lə meydana çıxıb və qol vurmaq ona qismət olmayıb.

Klub səviyyəsində isə 51 dəfə meydana çıxdığı halda, vur-tut 11 qola sevinib.

51 oyunu 6 fərqli komandanın formasında keçirib. Statistikadan göründüyü kimi, yüksələn xətlə inkişaf edən hücumçunun tənəzzül dönəmi məhz Azərbaycan millisində oynamaq qərarı verdiyi tarixdən başlayıb. Sizcə, bu qədər təsadüf ola bilərmi?

Deyək ki, bu qərarı verəndən sonra "Trabzonspor" ona yetəri qədər şans vermədi. "Jilina"da günləri xoş keçmədi. "Qarabağ"da Qurban Qurbanovun "qərəzi" özünü göstərməsinə mane oldu. "Krılya Sovetov"da Azərbaycan millisini seçdiyinə görə çox fürsət vermədilər. "Dinamo" (Moskva) potensialını görə bilmədi. "Sabah" gələndə formasını itirmişdi - aranızda hələ də bu nağıllara inanan varmı?

Vallah-billah, sadaladıqlarımın heç biri Ramilin bu günə düşmə səbəbi deyil, ola bilməz. Bir futbolçu bir yerdə, iki yerdə, cəhənnəm, 3 yerdə uğursuzluq yaşaya bilər, amma 4 fərqli ölkənin 6 klubunda şansızlıq və qərəzlə qarşılaşa bilməz.

Şeydayevin bu günə düşməsinin tək səbəbkarı və günahkarı var. O da elə onun özüdür.

Ramil Azərbaycana gəldiyi gün futbolçu olaraq «qurtarıb». Özünü bitirib. Bəlk, bunun əksini yaşayan kimsə olub və ya görmüsüz?

Vaqif Cavadov Azərbaycan çempionaatını seçəndən sonra uğurlu karyera yaşayıb, yoxsa İlqar Qurbanov, Emin Mahmudov? Bu, acı da olsa, reallıqdır.

Əziyyət çəkmədən çoxlu pul qazanmaq imkanı yaranır, bu da onları vaxtından əvvəl «boşaldır», böyük futbol oynamaq iddiasını içlərində «öldürür»

Yaxşı karyera istəyirsənsə, futbol üçün Azərbaycana gəlməyəcəksən. Gəlsən, sonun ya "Sumqayıt", "Keşlə", ya da "Səbail" olacaq. Eynən İlqar Qurbanov, Vaqif Cavadov kimi.

Xanoğlan İmanov

Xəbər Lenti