2007-ci ildə laçın oğlan olan bir “qaqulya”nı...

2 Mart 2021 16:00 Köşə 1 956
2007-ci ildə laçın oğlan olan bir “qaqulya”nı...

Azərbaycanlı futbolsevərlər bir həqiqəti qəbul etməlidirlər: Azərbaycan futboluna heç vaxt peşəkarlar rəhbərlik etməyəcəklər.

Bilirsiz, niyə? Çünki futbolda pul var.

Pul olan yerdə isə meydan peşəkarlara yox, istedadlı dələduzlara verilir bizim ölkədə.

Onun da səbəbi var ey. Nöşün ki, peşəkarlar o pulla futbolu inkişaf etdirəcəklər,

Azərbaycanda klubların sayı artacaq, keyfiyyətli futbolçular yetişəcək, onlar Avropa klublarına transfer olunacaqlar və son nəticədə milli komandanın da səviyyəsi yüksələcək.

Amma kimə lazımdılr bu? Dövlətin ayırdığı bu vəsaiti belə mənasız işəmi sərf etmək olar? Belə yerdə oğul lazımdır ki, o vəsaiti “yumağı” bacarsın.

Elə oğulları Azərbaycanda tapmaq olduqca asandır, nəinki peşəkarları. Bu ölkənin hansı sahəsinə, hansı künc-bucağına baxırsan, istedadlı dələduzla doludur.

Maşallah, hamısı da iş başında. Hamısı da öz “işinin” öhdəsindən “vicdanla” gəlir. Dövlətin ayırdığı vəsait tərtəmiz, gül kimi “yuyulur”. Beş-on futbol azarkeşinin, peşəkarın səs-küy salması isə qayadan qırıntı da qopartmaz.

Amma istəsələr, lap səs-küysüz də keçinmək olardı. Necə? Məslən, Azərbaycan futbolunda vəzifə tutan şəxslərlə yüngülvari təlim keçilsə, fəaliyyətlərindəki xırda-para nöqsanları da aradan qaldırmaq olar.

Əgər uzaq 2007-ci ildə laçın oğlan olan bir “qaqulya”nı futbolun başına gətirəndə, ona başa salsaydılar ki, seçmə mərhələdə cəmisi 1 xal toplamaq üçün xaricdən mütəxəssis gətirməyə ehtiyac yoxdur, o da bunu etməzdi.

Özümüzdə o qədər “ləbbeyk” deyən “müətəxəssislər” var ki... Elə onlar da bu 1 xalı rahatlıqla qazanacaqdılar, səs-küy də olmayacaqdı. Yəni “yuylan” pulun çirkli hissəsindən bir qismini də yerli yaltaqlar yeyəcək və dua edəcəkdilər.

Məsələn, kimsə Azərbaycan futbolunda nəyə və kimə lazım olduğu hələ də bəlli olmayan klubların rəhbərlərinə lap əvvəldən belə təlimat verməli idi:

Uşaqlar bir komandanın çempionatda əsas hədəfi sonuncu pilləni tutmaqdırsa, buna görə dağa-daşa düşüb xaricdən “mütəxəssis” gətirməyə ehtiyac yoxdur.

Onu yerli mütəxəssis də bacarar, özü də səs-küysüz. Ümumiyyətlə, belə hədəfi olan komandanın heç məşqçiyə də ehtiyacı yoxdur.

Amma bu təlimatı onlara verən olmayıb. Elə ona görə də hesab edirlər ki, çempionatda sonuncu pilləni tutmaq olduqca çətin işdir. Seçmə mərhələdə yığma komandanın 1 xalı qazanması qədər.

Düşüncə oxşarlğına görə kimin kimin kadrı olduğunu müəyyənləşdirmək də asandır Azərbaycan futbolunda. Ustadınıza əhsən. Yaxud da ağası gülüm olan, başına külüm olar!

Natiq Muxtarlı

Xəbər Lenti