Abasov "Neftçi"nin futbolçularını nəvaxtadək belə yerə çırpacaq?

26 Fevral 2021 15:00 Köşə 2 212
Abasov "Neftçi"nin futbolçularını nəvaxtadək belə yerə çırpacaq?

«Neftçi» çempionluq nəğməsi oxumağa tələsdi yenə.

«Qarabağ»dan 3 xal önə çıxan kimi yer-yerdən şərqilər səsləndirməyə başladılar.

Birincidən ta axrıncıya kimi - düşərgədə kim varsa. Üstəlik, mətbuat da bir yandan «qaz» verdi.

«Qarabağ»ın 7 ildir davam edən qızıl trofeyinə, nəhayət, son qoyulacağına dair fikirlər, iddialar irəli sürüldü. Samir Abasovun üstübəzək, altıtəzək futbol oynatdığını gör(məy)ə-gör(məy)ə.

Oyunlarını izləməsəydim, mən də inanardım ki, yəqin Samir Abasov komandanı düzəldib, yaxud əldəki imkanlarla düz-əməlli komanda yaradıb.

Bir daha təkrar edirəm: əgər «Neftçi»nin yeni ildən sonra keçirdiyi oyunları tək-tək izləməsəydim…

«Neftçi» qış fasiləsindən qayıdandan sonra yüksələn xətt üzrə getməyib. Oyun olaraq deyirəm bunu. Nəticələr gözəgəlimli ola bilər, amma bu, aldadıcıdır.

Təəssüf ki, «Neftçi» azarkeşləri də xam xəyallara tez qapıldı, səhərin açılmasını gözləmədi. Söhbət bütün tərəfdarlardan getmir.

Təcrübəli fanat hissə qapılmaz, daxilən ürəyinin səsinə qulaq asmaq və inanmaq istər, fəqət, gördüyünə inanar, müşahidələrinə əsaslanar, sonu gözləyər.

Samir Abasov camaat içinə çıxarılası komanda formalaşdırmayıb. Əvvəlki ilə müqayisədə hücum futbolu oynadır, vəssalam! İkinci bir yenilik nəzərə çarpmır.

Taktiki hazırlıq bəsit. Fiziki hazırlıq bəsit. Sadəcə, hay-küy var. Ay elə, ay belə…

O, gələndən «Neftçi» dörd dəfə «Zirə» ilə qarşılaşıb, bir qələbə nədir, heç bir qol da vura bilməyib. Çempionluq istəyən komanda belə olmur, belə oynamır.

Samir Abasov hər dəfə Rəşad Sadıqovu təbrik etməkdən yorulmur, deyəsən. Bu yarımçıq təfəkkür və bu alaçiy oyun tərzi ilə «Neftçi» çox uzağa gedə bilməz və getməyəcək.

İxtiyarında Ronaldo və Messinin olmamasını söyləyən baş məşqçi «Neftçi»də uğur qazana bilməz və bilməyəcək. Bu nə sözdür, o, dilinə gətirir?

Komandasında Ronaldo ilə Messinin yoxluğunu elə «Zirə» ilə oyundamı gördü, anladı?

Əlinin altındakı heyətdə yetərincə sanballı futbolçular cəm olub. Yerlisi və legioneri ilə. Həmin bu futbolçuları aşağılamaq, kiçik görmək yolverilməzdir. «Netçi»ni son turadək çempionatın vahid lideri edən onlar deyildimi?

Samir Abasov, görəsən, danışığını nə vaxt biləcək? Ümumiyyətlə, biləcəkmi?

Bu dil ki onda var… Zəhər tuluğu kimi…

Xəzər Hikmət

Xəbər Lenti