Siyasətin hesab(at)ı

19 Fevral 2021 11:40 Köşə 1 245
Siyasətin hesab(at)ı

0:13. Bəh-bəh…

AFFA rəhbərliyinin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti nəticəsində dünən daha bir «möhtəşəm gecə» yaşadıq.

Avropa çempionatının seçmə mərhələsinin D qrupunda mübarizə aparan və Siyasət Əsgərovun baş məşqçisi olduğu deyilən qadınlardan ibarət millimiz Bakıda ispan qızları ilə üz-üzə, göz-gözə gəldi və bu dueldən qonaqlar qalib ayrıldı.

Hesab onlardan ötrü fantastik, bizim üçün adidir.

13 cavabsız qol nədir ki… Deməyin və düşünməyin ki, bu oyunun içində, həndəvərində, yan-yörəsində hanısa bir siyasət var, yaxud bizim qızlar oyunu kontora qoyub, pulu «bolşe»yə atıb.

Bu darmadağının özündə bir hikmət var, inanın!

Statistikaya baxsaz, görərsiz ki, Siyasətin qızları Avropa və dünya futbolunun nəhənglərindən sayılan ispanları düz 21 dəqiqə incidib.

Qonaqlar o dəqiqəyə kimi komandamızın qapısına yol tapa bilməyib, vurnuxa-vurnuxa qalıblar ortada, əsəblərindən «ASK Arena»nın süni qazonunun rezin dənəciklərini dırnaqlarıyla eşiblər, sonra bilməyiblər nə etsinlər, əl atıblar bizimkilərin saçına.

O yolub buna verib, bu yolub ona verib. beləcə, ötür-ötür başlayıb, bir də başlarını yuxarı qaldırıb görüblər ki, paho, tablonun bir tərəfi «0»ı, bir tərəfi «13»ü göstərir.

Ta orada da dayanıblar, deyiblər, day bəsdir, yorulduq, gedək bir az da yataq.

Bildiyimə görə, şəhərimizin göbəyində keçirilən bu qarşılaşmanı AFFA mənsubları da izləyib.

Tamaşadan necə həzz alıblarsa, hakimin final itindən dərhal sonra Siyasəti VİP-lojaya qaldırıblar, alnından, sağ və sol yanağından hərəyə bir dəfə «maç» ediblər. Əllərini kürəyinə vurub, deyiblər ki, sənə halaldır, ispanları düz 21 dəqiqə gözlətdin.

Hə, Siyasətə onu da qayıdıblar ki, bizə hesab maraqsızdır, əsas odur, meydana çıxarmağa 10-15 qız tapırıq, qalanı boş şeydir.

Düz-qoş? Çax-çux? Bunlar kişi futbolunda olur, AFFA-dakılar gözünü qız-qadın futboluna dikməz. İnsaf da yaxşı şeydir, qız-qadın futboluna ayrılan pula göz dikəcək qədər ac həriflər deyillər, həris deyillər.

Buradakı qəpik-quruş onlar üçün heç nədir, bu komandanı ona görə yaradıb və ona görə saxlayıblar ki, Azərbaycanda Siyasət kimi məşqçilərin də işləməyə yeri olsun, it-bata düşməsinlər.

Deyəsən, bu Siyasətin «Pro»su da var. Azərbaycanda daşı hara atsan, gedib cibində «Pro» kateqoriyası gəzdirib, özü boş-bekar dolanan məşqçiyə dəyir. Hesabı boş verin,

Siyasətfason bir-iki nəfər qabağa çəkilməlidir, ya yox? Hamı onun kimi hesabı lazım olan yerlərə verməyi bacarmaz ki… 13:0 bunun ynınnda nədir ki..? Çox kiçik bir rəqəm.

Xəzər Hikmət

Xəbər Lenti