Tər qurudan AFFA və ya "Keşlə"nin "fəhlələr"i

11 Fevral 2021 10:40 Köşə 1 864
Tər qurudan AFFA və ya "Keşlə"nin "fəhlələr"i

"Fəhlənin haqqını təri qurumamış verin" deyiblər.

Təbii ki, burda adı keçən fəhlə təkcə daş daşıyıb, qum atıb tərləyən fəhlələrdən söhbət getmir.

Hər kəs işlədiyi işin, sahənin fəhləsidir və gördüyü işin müqabilində müəyyən qazanc əldə edir. Kimisi bu qazancı mənəvi tərləyərək alır, kimisi də fiziki.

"Keşlə" futbolçuları ikincilərə aiddir. Sözün həqiqi mənasında tər axıdıb, pul qazanırlar. Amma tərləri quruyandan sonra.

Belə ki, 3-cü aydı komandanın üzvləri öz maaşlarını ala bilmirlər. Bu hal ilk dəfə deyil baş verir.

Bu kimi hal bir neçə dəfə yaşanıb. Axıtdığı təri qurumadan nəvacibini alan futbolçu ilə tərini 3 dəfə qurudub yenidən tərləyən nəvacibsiz futbolçu eyni mübarizəni meydanda qoya bilərmi? Təəbii ki, yox!

Əbəs deyil ki, mövsümə uğurlu başlayan kollektiv sonradan uğursuzluq zolağına düşdü. Daha doğrusu, rəhbərlik komandanı bu zolağa saldı - 3 aylıq maaşları verməməklə.

Normal olaraq durumdan məmun olmayan əcnəbilər mədəni formada oyunları "yola verməyə" başladılar. Aralarında belə yerli futbolçular da olmamış olmaz.Bir yolla borclar bağlandı. Amma yenidən eyni hal yaşanmaqdadır. 3 aydı futbolçular maaş üzünə həsrətdilər.

Məşqçi dəyişməklə, futbolçuları yeniləməklə heyətdə ruh yüksəkli yaratmaq müvəqqəti mümkün ola bilər. Davamlı olması isə qəti mümkün deyil.

Bunun üçün futbolçuların bütün qayğılarını, problemlərini anında həll etmək lazımdır. Bu isə ilk öncə onların maaşlarının vaxtında verilməsindən keçir. Hələ verilməyən mükafatlardan danışmıram.

Görünür, "Keşlə"yə maliyyəni ayıran AFFA-nın belə mənəvi məsələlər vecinə də deyil. Heç olmasa, lklub rəısmiləri bu duruma səssiz qalmamalı, hər vasitə ilə ödəmələrin vaxtında həllinə nail olmalıdır. Əks halda, "Keşlə"də "köhnə hamam, köhnə tas" davam edəcək.

Xanoğlan İmanov

Xəbər Lenti