Böyük adamsan, Qurban Qurbanov!

8 Fevral 2021 15:00 Köşə 2 975
Böyük adamsan, Qurban Qurbanov!

"Qurban Qurbanov kimdi?" deyə sorğu keçirsək, əksəriyyət yəqin ki, "Qarabağ"ın uğurlarının memarı" deyə cavab verəcək.

Bu səbəbsiz deyil.

Bir vaxtlar gərəksiz yerə "Neftçi"dən göndərilən gənc məşqçi sonra "Qarabağ"da böyük tarix yazmağı bacardı. Ölkə kubokunu qazanmaqla başlayan uğur yolu Çempionlar Liqası kimi turnirin qrupuna yüksəlmək kimi çətin zirvəyə qədər davam etdi.

Və hələ də davam edir. 15 ilə yaxın müddət bir yerdə çalışmaq, daim zirvədə qalmaqla bərabər, həm də öz sadəliyini, insanlığını qorumaq böyüklük tələb edir. Bu isə hər insanda aşkar oluna biləcək həqiqət deyil.

Qurbanov heç pis futbolçu da olmayıb.

Biləcəridən o tərəfə gedə bilməyənlərdən fərqli olaraq, o, Rusiyada sanballlı karyera yaşayıb.

Ölkəmizdə "Neftçi" kimi komandanın önəmli fiqurlarından olub. Milli komandada karyerasını illər əvvəl başa çatdırsa belə hələ də 14 qolla bombardirlik statusunu özündə saxlayır. Elə futbolçu Qurbanov da meydanda sadəliyi, mübarizliyi ilə fərqlənirdi. Qazandığı şan-şöhrətə rəğmən.

Qurbanovu yaxşı futbolçu, böyük məşqçidən başqa, həm də böyük insandır. Ki, qazancını suvab işlərə zaman-zaman xərcləməklə məşğuldur. Bunu həm də gizlində edir. Birini biliriksə, beşindən xəbərimiz olmur.

Məşhur mütəxəssis Vətən Müharibəsi dönəmində və ondan sonra da vətəndaş kimi əlindən gələni əsirgəmədi. Öz duruşu ilə nümunə olmağı bacardı. Öncə başçılıq etdiyi kollektiv "Legiya" üzərindəki çətin səfər qələbəsi sayəsində müharibənin ən qızğın dönəmlərində bizə növbəti sevinci yaşatdı. Bu həm də o dönəm üçün siyasi meydanda aparılan mübarizəyə verilən layiqli töhvə idi.

Bundan başqa Gəncəyə atılan raketdən sonra evsiz-eşiksiz və oyuncaqsız qalan körpəyə bir bağlama pay hazırladıb göndərməklə dar gün adamı olduğunu isbatlamış oldu.

Vətən Müharibəsi iştirakçısı olan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədova şəxsən zəng edib təbrik etməsi isə bir ayrı diqqət nümunəsidir.

Dünən isə Qəbələdə baş tutan "Qəbələ" "Qarabağ" oyunundan sonrakı mətbuat konfransında Ağdamdan olan və Vətən Müharibəsində jurnalist kimi iştirak etmiş Qafaqazinfo.az saytının əməkdaşı Emin Səfərovu zalda görüncə öz yerini tərk edib ona yaxınlaşıb. Onu bağrına basaraq Ağdamın azadlığına görə təbrik edib, həm də Vətən Müharibəsindəki iştirakına görə təşəkkürünü bildirib. Belə həssas dönəmdə başqa atdığı alqışalayiq addımlardan da xəbərimiz var. Sadəcə bu qədərini saymağı yetərli bildik.

Budur Qurbanovun böyüklüyü, budur Qurbanovun təvəzükarlığı. Hansısa sahədə uğur qazanmağı əksəriyyət bacara bilər, amma insanlığını, vətən xidmət borcunu bu şəkildə qoruyub saxlamaq yalnız Qurbanov kimi şəxsiyyətlər bacara bilər. Yaxşı futbolçu, əla məşqçi olmaqla bərabər, həm də böyük insansan, Qurban Qurbanov!

Xanoğlan İmanov

Xəbər Lenti