Diviziondan bezən, Premyer Liqaya əlcək atan qarabəxt bölgə klubları

26 Yanvar 2021 15:00 Köşə 1 326
Diviziondan bezən, Premyer Liqaya əlcək atan qarabəxt bölgə klubları

O gün «Zaqatala», dünən də «Turan»la «Kəpəz»…

Üç Divizion komandasının fərqli kubok macərası köhnə fikri yenidən gündəmə qaytardı - bu ölkənin çempionatı onlarsız olmaz, ola bilməz!

Boş yerə illərdir dad döymürük ki, bölgələri səhnəyə qaytarın. Qaytarın da, a kişi(lər)… Necə aparıb küncə, dibə soxmusuz, elə də qaytarın geri.

Qaytarmaq siz(lər)in boynunuzun borcu, qaytarılmaq onların haqqıdır.

Onlar oralarda itib-batıblar, gözdən və könüldən min mil uzaq düşüblər. Qəsdən maraqsızlaşdırılıblar. Sanki AFFA and içib ki, biz burada söz sahibi olduğumuz müddətdə əyalətləri top oyununa həsrət qoyacağıq.

Baxsınlar «Zaqatala»ya, «Turan»a, «Kəpəz»ə, bir az gözlərinə su versinlər. Nə istedadlı gənclər var bu komandalarda…

Mən şübhə etmirəm ki, AFFA-da yumşaq kresloya yayxananların mütləq əksəriyyətinin Diviziondan, oradakı futbolçulardan xəbəri yoxdur.

Yalnız komandaların adlarını bilirlər, bildikləri başqa bir şey yoxdur. Eləcə də Məşqçilər Komitəsinin zehni qurd basmış üzvlərinin.

Heç kim yolunu Diviziondan, o komandaların düşərgəsindən salmır. Baxmırlar, izləmirlər, maraqlanmırlar - atıblar eşiyə, deyiblər, gedin, başınızı qatın, bizdən heç nə istəməyin, səsinizi də çıxarmayın, ənginizi əzərik.

Roini İsmayılov, Samir Qurbanov, Əli Səmədov və başqa onlarla futbolçu var buralarda. Ekran, efir olmasaydı, kim görəcək bunları, harada görəcək, necə görəcək. Yazıq deyillərmi? Binəvalar…

Adını qoyublar ki, Divizion bataqlıqdır, ora, oradakılara baxmağa dəyməz. Kim salıb Divizionu bu günə? Siz, əlbəttə, siz! Deyir, adın çıxınca, canın çıxsın.

Çıxsın, çıxsın da… Budur, yenə çıxır. Birindən İsmayılov çıxır, birindən Qurbanov, birindən filankəs filankəsov çıxır. Bu futbolçular bataqlığın içində yetişən güldürsə, gör, səliqə-sahman, diqqət olsa, kimlər çıxar, nələr olar…

Eləmək lazımdır. Şərait yaratmaq lazımdır. Nə mən edə bilərəm bunu, nə başqası. Bu güc, bu qüvvə yalnız AFFA-dadır. Onlar da ki… Yalnız bir şeyi bilirlər - çırpışdırmaq.

Pul çırpışdırmaq marağı olmasaydı, Divizion «bazar» və «bataqlıq» damğası alınmazdı. Bu uşaqların aylıq qazancı 300-500 manatı ötmür.

Elə komandalar var, futbolçusuna hər ay düz-əməlli 200-250 manat da vermir, verə bilmir.

Kimdir onları yerlərdə süründürən, rəzil edən? Əlbəttə, yenə

AFFA. Sən özün Divizionu hesabdan silmisən, qəsdən kasıb həyata məhkum etmisən, mərdi qova-qova namərd çıxartmısan, indi də ahu-zar edirsən ki, nə elə oldu, niyə belə oldu.

Marağınız «bazar»ı yaratmaq və «inkişaf» etdirmək marağıdır, bunu başa düşməyə, anlamağa güclü ağıl lazım deyil…

Limit bir problem. Maddi baxım bir problem. Münasibət bir problem.

Bunca sıxıntısı olan, laqeydlik, barmaqarası yanaşma görən Divizionda dişini dişinə sıxıb dözən, şərəfini qoruyan, meydanda ləyaqəti ilə mübarizə aparan məşqçilərə, futbolçulara halal olsun! Buradan hamısını tək-tək təbrik edirəm, «sağ olun» deyirəm.

Mən onların Premyer Liqa klublarına dirənməsini AFFA-ya etirazın təcəssümü olaraq qəbul edirəm. Yəni ki, bəsdirin artıq, bizə də diqqət və qayğı göstərin, bezmişik ta…

Xəzər Hikmət

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"