
28 yanvar 2020-ci il. AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilirdi.
İcasda çıxış edən federasiya prezidenti Rövnəq Abdullayev Şamaxı şəhərində yeni stadion tikilməsinin nəzərdə tutulduğunu açıqladı.
Şamaxı şəhər Mərkəzi Stadionu 1982-ci ildə inşa olunub. Burada «Şirvan»ın iştirakıyla keçirilən son oyun 1993-cü ilə təsadüf edir. O zamandan bəri arena yavaş-yavaş diqqətdən kənarda qalıb və əvvəlki görkəmini itirib.
Uzun illərdən sonra məhz AFFA ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında şəhərdə yeni stadionun inşasına başlanılıb.
2200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü qazonun da da inşası layihədə öz əksini tapıb.
Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.
Bir sözlə, futbol oynamaq, futbolçu yetişdirmək üçün hər cür şərait yaradılacaq. Amma futbol komandasından başqa. Buna icazə yoxdur?
Daha doğrusu, hazırkı AFFA rəhbərliyinin inkişaf planında bölgələr üçün yalnız stadionların tikilməsi yer alıb. Komandaların yaradılması bölməsi isə qəbirstanlığı xatırladır.
Əvvəllər, heç olmasa, stadionlar tikilib təhvil verilərdi, bundan bir müddət sonra oradan istifadə edən meydan sahibi klublar dağı(dı)lardı.
Məsələn, Yevlaxda "Karvan", Lənkəranda "Xəzər Lənkəran", İmişlidə "MKT Araz" nümunəsi buna əyani subutdur.
Amma Şamaxıda bir ilk yaşandı. Stadion hazır olmadan, burada çıxış etmək müəssər olmadan klub dağıldı. Bu dəfə "inkişaf yolu"u daha qısa oldu.
Belə ki, Şamaxının eyniadlı komandası yeni yaradılmışdı. Baş məşqçisi isə gənc mütəxəssis Kənan Kərimov idi. Veteran hücumçu komanda Region Liqasında çıxış etsə belə, böyük ümidlərlə bölgə klubuna gəlmişdi.
Ümidlər də boş yerə yaranmamışdı. Yeni yaradılan "Şamax"ının bir oyununu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov izləmişdi. Həm bu fakt, həm də yeni stadionun inşası yaxşı gələcəyə ümid verən əsas hadisələr idi.
Ehtimal olunurdu ki, çox yaxında "Şamaxı"nın I Divizionda çıxışına şərait yaradılacaq. Elə hər şey ümid olaraq da qaldı. Çünki "Şamaxı" adlı komanda artıq tarixin yaddaşına köçüb.
"Səbail"in timsalında Premyer Liqa təmsilçilərinə ayrılan milyonluq büdcədən bir "çimdik" də Region Liqası səviyyəsində "Şamaxı"ya ayrılsaydı, dünya dağılardı?
Hə, bir az kasıblayardız..? Amma ən azından tikdirdiyiniz yeni arenada top qovan həvəskar komanda olardı. Onsuz da peşəkar sözü sizlərə yaddır...
Xanoğlan İmanov