Teymur Rəcəbovu kim ağladıb?

5 Yanvar 2021 16:00 Köşə 2 209
Teymur Rəcəbovu kim ağladıb?

Teymur Rəcəbovun Levon Aronyana qalib gəlməsi sosial şəbəkələrdə böyük coşqu ilə qeyd edildi. Həm də böyük emosiya və eyforiya ilə.

Teymurun qələbəsinin coşqu ilə qeyd edilməsi anlaşılan, ermənilərlə münasibətimizi nəzərə alsaq.

Amma emosiya və eyforiya anlaşılmaz. Daha doğrusu, bunun zərəri, fəsadı çox böyük. Xüsusən də idmançılarımız üçün. Bütün hallarda, Rəcəbov-Aronyan mübarizəsi bir idman yarışması idi, millətlərarası qarşıdurma deyildi.

Amma Teymur, hələ ilk gün qələbə qazandıqdan sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bu idman mübarizəsi qarşıdurmaya çevrilmişdi.

Teymuru öyənlər, Aronyanı ələ salanlar psixoloji emosionallığı ən yüksək həddə qaldırmışdılar.

Düzü, qorxurdum. Qorxurdum ki, Allah etməsin, sabah Teymur məğlub olsa, nə baş verəcək? Bu gün onu öyənlər sabah ona dəstək olacaqlarmı?

Qələbənin şəriki nə qədər desən. Oğul istəyirəm, məğlubiyyətə şərik olan tapılsın. Heç şübhəsiz, bu gün Teymuru öyənlərin əksəriyyəti sabah onu ittiham edəcəkdilər.

Onlar üçün "idman yanaşması" anlayışının heç bir əhəmiyyəti yoxdur. Onlar üçün bir anlayış var: rəqibin ermənidirsə, mütləq məğlub etməlisən.

Belə yanaşma həmişə cəmiyyətimizin aparıcı xətti olub. Heç vecimizə da olmayıb ki, bununla idmançılarımızı ağır psixoloji yük altına salırıq.

Erməni ilə qarşılaşacaq istənilən azərbaycanlı idmançını "məğlub olsam, cəmiyyət nə deyəcək, sosial şəbəkələrdə nə yazacaqlar" suallarının cavabı düşündürür.

İdmançımız həm erməni ilə mübarizəyə köklənməlidir, həm də özününkülərin yaratdığı dəhşətli psixoloji baryeri dəf etməlidir. Erməni ilə qarşılaşan azərbaycanlı idmançı mübarizəyə 0:1 məğlub durumda başlayır.

Onu bu duruma salan isə bizlərik. Aşırı emosiyamızla, eyforiyamızla. "Bu, bir idman mübarizəsidir, burda məğlub da olmaq olar" yanaşmasını yaxına buraxmamağımızla.

İndi görün, bizim idmançılar psixoloji cəhətdən nə qədər hazırlıqlı olmalıdırlar ki, erməniyə də, ondan da çətin rəqib olan bizlərin yaratdığı baryerə qalib gəlsinlər. Və erməniyə məğlub olan idmançımızın psixoloji durumunun qaydasına düşməsi üçün nələr edilməlidir...

Teymur qələbəsini rəsmiləşdirdikdən sonra özünü saxlaya bilmədi, ağladı. O, Aronyana qalib gəldiyinə görə ağlamadı. Teymur bizim təzyiqimizə qalib gəldiyi üçün ağlayırdı.

Güman ki, bir gün əvvəlki qələbədən sonra sosial şəbəkələrdə nələrin yaşandığından xəbərdar idi. Belə təzyiq, məğlub olan idmançımızı intihara da sövq edə bilər.

İdmançılarımızın qələbələrinə sevinək, amma onları ağlamağa vadar etməyək. Və ən əsası, erməniyə məğlub olanda da, "bu, bir idman yarışması" deyib onlara dəstək olaq.

Özümüz özümüzü məğlubiyyətə uğratmayaq, ağlamağa vadar etməyək idmançılarımızı.

Natiq Muxtarlı

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"