"Mən meydançaya çıxıb, "Neftçi"yə qarşı oynayan deyiləm"

3 May 2021 11:40 Şamaxı 2 131
"Mən meydançaya çıxıb, "Neftçi"yə qarşı oynayan deyiləm"

«Finala vəsiqə qazanandan sonra komandada əhval-ruhiyyə əladır və kubokdakı uğurlu çıxışımızı çempionatda da davam etdirmək istəyirik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Keşlə»nin idman direktoru Ceyhun Sultanov deyib.

Bu gün paytaxt derbisi keçiriləcək. «Keşlə» Premyer Liqanın 25-ci turu çərçivəsində «Neftçi»ni öz meydanında qəbul edəcək.

Ötən tur «Səbail»ə 1:0 hesabıyla qalib gələndən sonra turnir cədvəlinin son pilləsindən qurtulan, davamında «Zirə»ni kubok mübarizəsindən kənarlaşdıran sabiq «bankirlər» seriyanı davam etdirmək istəyir.

Hərçənd budəfəki rəqib mövsümün öncəki 3 qarşılaşmasında məğlub olduqları «Neftçi»dir. Sultanov keçmiş klubu ilə dueldə hər şeyin meydanda bilinəcəyini söyləyib:

«Komandamızın potensialı böyükdür. Əslində, biz çempionatda da indi yüksək yerlər uğrunda mübarizə aparmalı idik. Müxtəlif səbəblərdən belə alındı.

Vəziyyət elə gətirib ki, son sıralarda yer alırıq. Kubokda finala çıxmış komandaya Premyer Liqada axırıncı yeri tutmaq yaraşmaz.

Son dörd turda bacardııqca çox xal toplamalıyıq ki, bir də 8-ci pilləyə düşməyək. Çempionat çox gərgin keçir və «Neftçi» ilə oyun da istisna olmayacaq.

Mən «Neftçi»də işləmişəm və bu komandanı yaxşı tanıyıram. O futbolçuların əksəriyyəti mənim orada işlədiyim vaxt komandaya gəlib. Amma bu, heç nəyi dəyişmir.

Mən meydançaya çıxıb, onlara qarşı oynayası deyiləm. «Keşlə»nin də heyəti yaxşıdır və istənilən rəqibi udmaq gücündədir».

Digər Xəbərlər
Xəbər Lenti