“Qarabağ”ın ən son transferi haqda bilmədikləriniz - O, kimdir?

19:40 Qarabağ 252
“Qarabağ”ın ən son transferi haqda bilmədikləriniz - O, kimdir?

Transferlərdən doymaq bilməyən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

“Köhlən atlar” müdafiə xəttini güclənmək niyyəti ilə yay fasiləsində yeddinci transferini həyata keçirib.

Macarıstanlı stoper Bense Varkonyi bundan sonra karyerasını Azərbaycanda davam etdirəcək.

2022-ci ildə paytaxt Budapeştdə anadan olan “Qarabağ”ın yeni “4 nömrə”sinin karyerası bütünlüklə vətəni ilə bağlıdır.

Futbolda ilk addımlarını MTK-da atmasına baxmayaraq, burada duruş gətirə bilməyib. Müxtəlif illərdə “Kozarmisleni” və ZTE klublarına icarəyə verilsə də, 2024-cü ildə ZTE ilə 3 illik müqaviləyə imza atıb.

Sonuncu klubu ilə gələn ilin yayına qədər müqaviləsinin olması “Qarabağ”a keçidində müəyyən yubanmaya səbəb olub. Klublar arasında aparılan danışıqlar müəyyən zaman alıb. Nəticədə tərəflər transfer məbləğində ortaq məxrəcə gəlməyi bacarıb.

2021-ci ildə başlayan peşəkar karyerası ərzində 123 oyuna çıxan Varkonyinin məhsuldarlıq göstəricisi 3 qol və 1 məhsuldar ötürmədən ibarətdir. 123 matçın 83-ü Macarıstan Premyer Liqasının payına düşür.

Ağdamlıların yeni transferinin ötən mövsüm elitada 30, ölkə kubokunda 6 görüşdə forma şansı qazanmaası komandasının aparıcı simalarından biri olduğunu göstərir.

Yeri gəlmişkən, uğurları üçün tər tökdüyü ZTE klubu avrokuboklara vəsiqə uğrunda mübarizə aparıb. Lakin “Pakş” və “Debretsen”lə mübarizədə geridə qalaraq mövsümü 5-ci sırada başa vurub.

Bensenin ən böyük üstünlüyü intizamlı oyunu ilə seçilməsidir. Karyerası ərzində qarşısında cəmi 15 dəfə sarı vərəqə görüb.

Hər nə qədər qəribə səslənsə də, mərkəz müdafiəçisi bir dəfə də olsun “qırmızı” alaraq meydandan qovulmayıb. Görünür, Qurban Qurbanovun ona xüsusi diqqət yetirməsinin başlıca səbəblərindən biri budur.

Müsahibələrinin birində ən böyük arzusunun Macarıstan millisinin heyətində meydana çıxmaq olduğunu gizlətməyib. Di gəl, 1 dəfə də olsun bu şərəfə nail olmayıb. U-21-in heyətinə dəvət alıb, ancaq gənclər millisində debüt etmək də qismət olmayıb.

Varkonyi 187 sm boya sahibdir. Mərkəz müdafiəçisi kimi universaldır. Yəni həm sağ, həm də sol stoper kimi işinin öhdəsindən gəlməyə çalışır. Kevin Medinadan fərqli, əsasən sağ ayağından istifadə edir.

Sərt oyunun tərəfdarıdır, ikili mübarizələrdə son dərəcə inamlı təsir bağışlayır. Topla rəftarının ideal olduğunu demək çətindir.

Yəni topla irəliləmək keyfiyyət faizini yüksək dəyərləndirmək olmaz. Zaman-zaman irəli çıxmağı xoşlayır, lakin mövqeyini sığortalamağı da unutmur.

İndiyə qədər avrokuboklarda iştirak etməməsi beynəlxalq oyun təcrübəsinin yoxluğundan xəbər verir. İlk dönəmlərdə bu baxımdan əziyyət çəkəcəyini gözləmək olar. Daha çox şans qazandıqca “Qarabağ” azarkeşlərinin sevimlisinə çevrilə bilər.

Yaşı və fiziki göstəriciləri buna imkan verir. Yetər ki, mühitə alışsın.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti