"Şamaxı" klubu futbol ictimaiyyətində birmənalı qarşılanmır.
Klub bölgəyə köçəndən soyuq münasibətlərlə üzə-üzədir.
Məsələn, bir "Qəbələ"yə olan münasibətlə "Şamaxı"ya olan münasibət arasında yerlə-göy qədər fərq var.
Əbəs deyil ki, bu klubla bağlı müsbət məqamlar da əksər hallarda kölgədə qalır.
Amma "şirlər"in rəhbərliyi son illərin ən nümunəvi idarəçilərindən biri sayıla bilər.
Klub ətrafında heç bir qalmaqal yaşanmır.
Ən aşağı büdcə ilə başlarını aşağı salıb işlərini görürlər.
Son iki mövsümdə liqada qalmaq hədəfi asanlıqla yerinə yetirildi.
Təbii ki, bunda Ayxan Abbasovun böyük rolu vardı. Amma ona rahat işləmək üçün meydan verən də məhz bugünkü rəhbərlik oldu.
Urvatla gətirdilər, urvatla yola saldılar.
Ümumiyyətlə, Abasovun kluba gətirilməsi qədər ağıllı qərarı verən...
Onun gedişindən sonra Azər Bağırovla vaxt itirmədən anlaşan beyin də "Şamaxı"nın rəhbərliyi oldu.
İlk cəhdlərində liqanı tərk etmişdilər. Hamı bunun səbəbini ancaq yerli oyunçularla oynamaqda görmüşdü. Buna görə rəhbərlik az tənqid olunmamışdı.
Bütün təzyiqlərə rəğmən klub olanlara sakit yanaşdı. Başını aşağı salıb, aşağı liqada bir mövsüm keçirdi və yenidən elitaya qayıtdı.
Ən son "Səhail" nümunəsi göstərdi ki, heç də asan missiya deyilmiş.
Bu gün 12 legioneri olan "Karvan-Yevlax" da yüksək liqanı tərk edirsə, deməli problem ancaq yerlilərlə oynamaqda deyilmiş.
Niyəsə həmin yerlilərin arasından bu gün milli komandanın əsas heyət üzvünə kimi yüksələn Rəhman Daşdəmirovdan danışan yoxdur. "Şamaxı" həmin qərarı verməsəydi, bəlkə də "Sabah"la çempion olan müdafiəçi bu gün futbolda yox idi.
Birinci Liqada çempion olan "Şəfa"nın kapitanı Emin Zamanov və başqa nümunələr də saymaq olar.
Premyer Liqadakı oyunçuların qiymətinin süni artırılması halları illərdi var. Danışanda hər kəs bunun qarşısının alınmasının vacibliyini vurğulayır.
Amma əməldə yalnız "Şamaxı" iş görür. Klubun büdcəsinə uyğun bəlli təkliflər paketi var. Bəzən 1000-2000 manatın da söhbətini edirlər. Ki, balans pozulmasın. Ən qorxulu ehtimal liqadan düşmək ola bilər. Olsun da...
Dünyanın sonu deyil. Yenidən qayıdacaqlar. Təcrübələri də var.
Gənclərin ən çox ortaya çıxdığı klublar arasında "Şamaxı"nın adı ilk sıralardadır.
Rəhman Daşdəmirov, Fuad Bayramov, Edqar Adilxanov, Oruc Məmmədov, Rüfət Abbasov, Emin Zamanov və.s.
Oyunçuların satışından gəlir qazanmaq baxımından da böyük iddiası olmayan "Şamaxı" yaxşı ənənə, sistem qura bilib.
Belajdi Pusinin "Fakel"ə satışından 100 min dollar əldə olundu.
Ən son "Turan Tovuz" Dioqo Balaunun keçidinə görə "Şamaxı"ya 80 min dollar ödədi.
Bəli, hər iki oyunçunun kluba gəlişində, inkişafında birbaşa Ayxan Abbasovun əməyi var. Ümumiyyətlə, Abbasovun seleksiyası möhtəşəmdir. Əvvəlki klublarında da gətirdiyi oyunçuları dəyərə mindirib satışından kluba pul qazandırmağı bacarıb.
"Şamaxı"nın isə Abbasova qədər də bu təcrübəsi olub.
Klub Premyer Liqanı tərk etdiyi mövsüm üç oyunçunun satışından pul qazanıb.
Rəhman Daşdəmirovun "Sabah"a keçidindən 60 min manat, Fuad Bayramovun "Zirə"yə transferindən 40 min manat, Əli Səmədovun "Kəpəz"ə gedişindən 10 min manat gəlir əldə olunub.
Xüsusilə ikinci altılıqda olan klublarımız "Şamaxı" modelini ən azı araşdırmalıdır.
Eynisi olmaya bilər, amma buna bənzər mexanizm qurulmalıdır.
Ki, sabitlik olsun.
Ayaq üstə qalmaq nisbətən asanlaşsın.
Düzdü, 2.5 milyon manat dövlət dotasiyası Premyer Liqa klubu üçün azdır.
Amma "Şamaxı" nümunəsi göstərir ki, hətta bu məbləğlə də ortaya normal iş qoymaq, sabit kollektiv qurmaq olar.
XANOĞLAN / SPORTİNFO.AZ

