“Şamaxı”nın U-21-in sabiq üzvü Zeynəddin Əbdürrəhmanovla anlaşdığını xəbər vermişdik.
Təəssüf ki, keçid son anda baş tutmayıb.
Premyer Liqada oynamaq arzusu ilə alışıb-yanan və bu səbəbdən bölgə klubu ilə az maaşa razılaşan 23 yaşlı yarımmüdafiəçi son anda sərfəli təklif alıb.
Transferlər üçün kisənin ağzını açan “Səbail”in Zeynəddinə təklif etdiyi əməkhaqqı onu fikrindən döndərib.
Futbolçu “Şamaxı”nın təklif etdiyi 1500 manatadan iki dəfə çox məbləğə razılaşıb.
Bayıl klubundan ona bildirilib ki, hədəf birmənalı elitaya yüksəlməkdir. Plan baş tutsa, Əbdürrəhmanov gəln mövsüm həm Premyer Liqada debüt edə biləcək, həm də indikindən daha çox qazanacaq.
Bir sözlə, “Səbail”dən gələn qəfil zəng “Şamaxı” ilə anlaşmaqda olan keçmiş yığma üzvünü fikrindən daşındırıb.
Zeynəddin karyerası ərzində “Səbail”, “Cəbrayıl” və MOİK-in şərəfini qoruyub.
HƏBİB / SPORTİNFO.AZ

