«Kəpəz» rəhbərliyi baş məşqçi postu ilə bağlı gözlənilməz istiqamət götürüb.
Gəncə təmsilçisi Azər Bağırovdan boşalan kürsüyə yerli mütəxəssis gətirmək istəmir.
Düzdür, bu ilin əvvəlində «Araz-Naxçıvan»ın sükanı arxasından uzaqlaşdırılan Elmar Baxşıyevin namizədliyi hələ tamamilə gündəlikdən çıxarılmayıb, ancaq klubun başbilənləri üstünlüyü əcnəbiyə verməyə hazırlaşır.
Onların siyahısı artıq tutub - bura 10-a qədər xarici daxildir. «İmişli»dən ayrılacağı dəqiqləşən Jorj Kaşkilya da həmin siyahıda yer alıb.
Aranlıları debüt ilində Premyer Liqada saxlamağı bacaran portuqaliyalı menecerlər vasitəsilə öz xidmətini «sarı-göylər»ə təklif edib.
Ötən ilin oktyabrında «Kəpəz»ə qayıtmış A.Bağırov bundan sonra «Şamaxı»da fəaliyyət göstərəcək. O, gəncəlilərin müqavilə müddətini uzatmaq təklifini bir səbəbdən geri çevirib - maliyyə.
Belə ki, baş məşqçi maaşının artırılması tələbini irəli sürüb. Burada indiyədək 10 min manat əməkhaqqı alan çalışdırıcı daha yüksək pul qarşılığında «Şamaxı» ilə 2 illik anlaşıb.
SPORTİNFO.AZ

