Dəyişim mərhələsində olan «Kəpəz»dən yeni xəbər var.
Ötən mövsüm klubu faktiki olaraq təkbaşına idarə etmiş Fərman Əlizadənin durumuna aydınlıq gəlib.
Gəncə təmsilçisinin Premyer Liqada yerini qorumasında böyük əməyi keçmiş funksioner buradakı fəaliyyətini davam etdirəcək. O, yenidən formalaşdırılan İdarə Heyətində yer alacaq.
Sədr postuna gəlincə, burada Adil Vəliyevi Anar Abdullayevin əvəzləyəcəyi artıq dəqiqdir. «Kəpəz»in təsisçisi də bu şəxs olacaq.
Klub hüquqi proseduru həyata keçirmək məqsədilə Ədliyyə Nazirliyinə müraciət edib. Dövlət qurumu 21 rəsmi iş günü ərzində «sarı-göylər»in müraciətini cavablandıracaq.
Adil Vəliyev 2025-ci ilin əvvəlində “Kəpəz“i himayəsinə götürüb. Həmin ilin iyulunda İdarə Heyətinin sədri postuna əyləşib. Onun klubdan gedişi maliyyə rıçaqlarının zəifləməsindən irəli gəlir.
İdarə Heyətindən verilən məlumatda qeyd olunub ki, Anar Abdullayev idarəçilikdə təcrübəyə malik insandır və onun təyinatından sonra klubun həyatında mühüm mərhələ başlayacaq.
SPORTİNFO.AZ

