Daha "Qarabağ"a yox da... Baş məşqçinin fərqli görünmək həvəsi

3 Aprel 20:00 Kəpəz 1 865
Daha "Qarabağ"a yox da... Baş məşqçinin fərqli görünmək həvəsi

Adil Şükürovun yerində olsaydım, 1:6-dan sonrakı mətbuat konfransında “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edər, acı yenilgiyə görə azarkeşlərdən üzr istəyər, rəqiblə səviyyə fərqinin çox olduğunu deyər və keçərdim sualları cavablandırmağa.

Düzdür, bunlardan bəzilərini edib, ancaq çox böyük yanlışlığa yol verməyi də nədənsə özünə borc bilib.

Deyib ki, bu gün Premyer Liqadakı bütün komandalar sanki “Qarabağ”ın futbolçularını qoruyurlar. Yəni, camaata çatdırmaq istəyib ki, ağdamlılara qarşı aqressiv, sərt, yeri gələndə kobud oynamaq lazımdır.

Şükürov ağıllı, savadlı, dünya görüşü geniş olan adamdır. Ancaq hamının adından danışmağı ona kim öyrədib, bilmirəm.

Adil bəyin yadına “Qarabağ” – “Neftçi”, “Qarabağ” – “Sabah”, “Turan Tovuz” – “Qarabağ” oyunlarını salmaq istəyirəm. Kim idi bu matçlarda “Qarabağ”lıları qoruyan? Onlara yaxınlaşmaqdan ehtiyatlanan?

İkincisi, heç bir futbolçu uduzmaq istəmir. Və əminəm ki, içi “Kəpəz”in futbolçuları qarışıq hər biri “Qarabağ”lılarla mübarizə aparmaq, bu komanda ilə oyunda özünü göstərmək üçün dəridən-qabıqdan çıxır.

Aqressiv oynamaq üçün rəqibə yaxınlıaşmalısan, ikili mübarizə aparmalısan. “Qarabağ”ın oyununda topu görmək olmur, o ki qalmışdı rəqibə qarşı aqressiv oynayasan.

Adamlar 3-4 ötürmə ilə 10 saniyəyə qol vururlar. Güllə kimi uçurlar, görmək olmur zalımları. Rəqib səni topa və özünə yaxın buraxmırsa, gedib başına yumruq vurmayacaqsan ki.

Yox, vəziyyət həqiqətən Şükürovun gördüyü və düşündüyü kimidirsə, elə yaxşı ki, “Qarabağ”lıları qoruyurlar.

Onlara qarşı ehtiyatlı oynadıqları halda qapılarından 6 top buraxırlarsa, gör, “quyruqlarını tapdalasalar” nələr olar. Əllərindən qurtula bilməzlər e.

“Qarabağ” tarixinin ən parlaq dövrünü yaşayır. Bu komanda iki oyunda “Braqa”ya 6, “Bayer”ə 4 top vurubsa, “Kəpəz” gedib 6-ya görə şükür etsin, Adil Şükürov da nəzir versin.

Məğlubiyyəti həzm etməyi bacarmaq lazımdır, yoldaş Şükürov. Uduzmusan, çıx, digər məşqçilər kimi rəqibi təbrik et, zəif olduğunla qəbullan, gələcəklə bağlı danış, vəssalam da.

“Qarabağ”a söz atmaq, başqa komandaların adından danışmaq nəyə lazımdır axı?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti