“Qarabağ”a xüsusi münasibət göstərmirik” – İddialı açıqlama

19 Noyabr 23:00 Kəpəz 22
“Qarabağ”a xüsusi münasibət göstərmirik” – İddialı açıqlama

Cari mövsümdə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən “Kəpəz” çətin sınaq qarşısındadır.

11-ci turda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi bu dəfə doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Sportinfo.az-a müsahibə verən “sarı-göylər”in Fil Dişi Sahilindən olan yarımmüdafiəçisi Benito məlum qarşılaşma ilə bağlı sualları cavablandırarkən iddialı açıqlamalarla diqqət çəkib.

-Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə nə dərəcədə xeyrinizə işlədi?

– Çempionatda yaranmış fasilə bizə qarşıdakı matçlara daha yaxşı hazırlaşmaq, planlarımızı qurmaq və bütün diqqətimizi, gücümüzü qarşıdakı oyunlara yönəltmək üçün vaxt qazandırdı. Bizim üçün yaxşı fürsət olduğunu düşünürəm.

-Növbəti oyununuz “Qarabağ”a qarşıdır. Bu qarşılaşmanı əhəmiyyətinə görə digərlərindən fərqləndirmək olarmı?

– Bizim üçün hər oyun vacibdir. Bu matça da digər görüşlərə hazırlaşdığımız kimi hazırlaşacağıq. Kiçik oyun anlayışı yoxdur. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Heç bir komandaya xüsusi münasibət göstərmirik. “Qarabağ”la oyuna da adi qaydada məşq edib hazırlaşırıq.

-“Qarabağ”ın adı sizi qarşıdakı oyuna daha çox motivasiya edir, yoxsa ehtiyatlı olmağa vadar edir?

– Dediyim kimi, heç bir kluba xüsusi münasibət göstərmirik. Rəqibimizə, “Qarabağ”ın adına və tarixinə hörmət edirik. Amma “Kəpəz” də öz tarixi olan, hörmətə layiq klubdur. Düşünürəm ki, tərəflər arasında qarşılıqlı hörmət var və heç kimə üstünlük verilmir. Buna görə də bütün diqqətimizi oyuna yönəldəcəyik və 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

-Oyun ərəfəsində azarkeşlərə bir cümlə ilə müraciət etməli olsan, onlara nə deyərdin?

– Azarkeşlərimizə demək istəyirəm ki, biz bu yolda hamımız birlikdəyik. Onlarsız biz də yoxuq. Söz veririk ki, sona qədər əlimizdən gələni edəcək, onlara futbolun sevincini və həyəcanını yaşatmağa davam edəcəyik. Meydanda bu şəhər və azarkeşlərimiz üçün hər zaman ürəyimizi ortaya qoyacağıq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti