«Kəpəz» rəhbərliyi əgər həqiqətən komandanın Premyer Liqada qalmasını istəyirsə, pul kisəsinin ağzını açmalıdır.
O kisə-falan yoxdur, kasıbçılıqdır?
Özaramızdır, kasıbın burada - əjdahaların, canavarların, akulaların arasında nə işi var axı..
Pulun yoxdursa, yerin masanın aşağı başındadır. Sonra səni oradan da uzaqldaşdırıb, qapının arxasına göndərəcəklər.
Gərək əlin cibində olsun, xərcləyəsən, xərcləyə biləsən.
«Kəpəz» təcili üç-dörd transfer etməlidir. Duy Verdaşka kimi rəqibə şıllaq atanları yox e!
Hər mövqeyə biri alınmalıdır. Təcrübəli, nisbətən yaşlı və ayağında top saxlaya bilən legionerlər tələb olunur «Kəpəz»ə.
Bu bacarıqda yerli futbolçu azdır, olanlar da imkanlı klubların düşərgəsindədir, ona görə də ad çəkmirəm.
Azər Məmmədov baş məşqçi postuna ikinci dönüşünün də qısa və uğursuz alınmasını istəmirsə, yumşaq üzündən imtina etməlidir.
Tək bundanmı? Eyni zamanda taktiki tətbiqini dəyişməlidir.
Əşşi, «Kəpəz» hara, müdafiədən qısa paslarla çıxmaq hara! Bu yönətmdən «Qarabağ» və «Sabah» da imtina eləyib, Azər Məmmədov, nə qoyub, nə axtarırsan?
Bir bax heyətinə, futbolçularına, sonra ayağını yorğanına görə uzat da.
Meydanın mərkəzində və irəli xətdə topu özündə saxlamağı bacaran oyunçun yoxdursa, ərazi üstünlüyü əldə etməyə gücün çatmırsa, sürətli əks-hücumlara cəhd elə, yoxsa ki, yaxın məsafələrə üç-dörd ötürmə etməklə rəqib qapısına nə vaxt gedib çıxacaqsan?
Bunu başa düşmək üçün Aristotel olmaq lazımdır ki?
Azər Məmmədovun bircə düz işi budur ki, Rojerio Santosu təkrar «Kəpəz»ə qaytardı.
Portuqaliyalı əla qapıçıdır, «Sabah»ı çoxlu qoldan məhrum elədi. Rəşad Əzizli orada dayansaydı, «Kəpəz» azı 7:0, 8:0 uduzmuşdu.
MUSA
