Misli Premyer Liqasının 1-ci turu çərçivəsində səfərdə "Sabah"ın qonağı olan "Kəpəz" 0:2 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matç haqda fikirlərini bildirib:
- Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq.Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər.
- “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?
- Klubun büdcəsinə baxsaq, bundan pis istifadə etdiyimizi düşünmürəm. Transferlərimizdən narazılığımız yoxdur.
- “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik?
- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik.
