Ötən mövsümün başa çatmasından 40 gün keçib, “Kəpəz”in gələcək durumundan xəbər yoxdur.
İşıqlı gələcəyə ümid edənlər hələ ki, tunelin o başında qaranlıq görür.
Komandanı iki futbolçu tərk edib - Məmməd Hüseynovla Rauf Hüseynli “Şəfa”nın yolunu tutub. Dioqo Verdaşka ilə müqavilənin müddəti uzadılıb.
Baş məşqçi postunda Azər Məmmədovun yer alacağı ilə bağlı anons verilsə də, rəsmi müqavilə imzalanmayıb. İmzalanıbsa da, ictimaiyyətə açıqlanmayıb.
Gəncədəki mənbəmizdən redaksiyamıza daxil olan məlumata görə, “sarı-qaralar” əsasən az maaşa razılaşan yerli və əcnəbi futbolçularla maraqlanır.
Ötən mövsüm I Liqada 15 qolla bombardirlər siyahısında yer almış “Mingəçevir”li Kennet Kalunqanın “Kəpəz”in əsas hədəf nöqtəsi olduğunu düşünəndə, ümumi mənzərə aydın olur. Liqadan daha bir neçə oyunçu və elitanın digər klublarından ayrılanlar Gəncə təmsilçisinin diqqət göstərdiyi futbolçular arasındadır.
Yaranmış vəziyyət boşuna deyil. “Kəpəz” faktiki sponsorsuz qalıb. Susqunluq və müəmma da buna görədir.
İş adamı Adnan Əhmədzadə ilə bağlı yaşananlar klubun maliyyə dayaqlarını zəiflədir, dəqiq desək, çökdürüb.
Son həftələrdə bir neçə qapı döyülüb, müsbət cavab almaq mümkün olmayıb. Məhz bu səbəbdən nə transfer xəbərləri eşidilir, nə məşqçilər heyəti rəsmən açıqlanır, nə də gələcəklə bağlı xoş xəbər var.
Bu cür davam etsə, “Kəpəz” “Şamaxı”nın gününə düşəcək. Sponsorsuz, yalnız dövlət tərəfindən ayrılan dotasiyanın hesabına Premyer Liqadakı yerini qorumağa çalışacaq.
Baş məşqçi Azər Bağırov hadisələrin axarının nə ilə nəticələnəcəyini əvvəldən hiss edibmiş. Ona görə də uzaq və təzyiqli Gəncədə çalışmaqdansa, sakit və rahat işləyə biləcəyi Şamaxıya üz tutub.
Arif Əsədovla Elmar Baxşıyevi baş məşqçi postuna gətirə bilməmək də mövcud duruma görədir. Biri Azərbaycan çempionudur, o biri ölkə kubokunun sahibi. İddiasız klubda işləməkdənsə işsiz qalmağı üstün bildilər.
Azarkeşlərin arzusu “Kəpəz”i doğma stadionda görmək, nisbətən iddialı komandanın nəticələrinə sevinmək idi. İndi hər şey əksinədir. Stadion və baza hazırdır, sponsor tapılmır.
Allah gəncəli futbolsevərlərə səbr versin. Deməyə başqa söz yoxdur.
HƏBİB SPORTİNFO.AZ

