"Kəpəz" uzun çək-çevirdən sonra yeni baş məşqçi ilə bağlı qərarını verdi.
Bölgə klubunun yeni baş məşqçisi Azər Məmmədov oldu.
50 yaşlı çalışdırıcı son 3 ildə ikinci dəfə "Kəpəz"də çalışacaq.
İkinci dövrün necə olacağını zaman göstərəcək.
Amma onun doğma şəhərinə klubundan birinci gedişi çox qəribə hadisə ilə yadda qalmışdı.
2023/24 mövsümünün 12-ci turunda "Kəpəz" "Qarabağ"ı qəbul etməliydi.
Gəncə şəhər stadionunda təmir getdiyindən oyun Tovuz şəhər stadionuna salınmışdı.
Qarşılaşmadan bir neçə gün əvvəl Ağdam klubu UEFA Avropa Liqasında “Bayer Leverkuzen”lə oyuna daha yaxşı hazırlaşmaq üçün "Kəpəz"ə görüşün Bakıda keçirilməsi barədə müraciət edib.
Amma "Kəpəz" rəsmiləri "Qarabağ"ın istəyinə müsbət cavab verməyib.
Belədə baş məşqçi Qurban Qurbanov şəxsən Azər Məmmədovdan oyunun yerinin dəyişdirilməsini xahiş edib.
Klub rəhbərliyi Məmmədovu da təklifdən imtina etməyə çağırıb.
Lakin 50 yaşlı mütəxəssis Qurbanovun istəyini geri çevirmək istəmədiyini bildirib.
Beləcə Tovuzda keçirilməli olan matç Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.
Ancaq Azər Məmmədovun xoşməramlı jesti ona baha-başa oturub.
"Atlılar" ilk 45 dəqiqədə "Kəpəz"in qapısından nə az, nə çox 5 qol keçirib.
Fasilədən sonra bir qədər sakitləşən meydan sahibləri daha 2 qol vuraraq 7:1 darmadağınla qalib gəlib.
Acınacaqlı məğlubiyyətdən sonra Azər Məmmədov baş məşqçi postundan istefa verməli olmuşdu.
Düzdü, üzərindən 3 il ötüb, lakin çətin ki, Məmmədov həmin hadisəni unutsun.
Bəlkə də qisas eşqi ilə yeni mövsüm Ağdam klubu ilə baş tutacaq qarşılaşmaları gözləyir...
XANOĞLAN / SPORTİNFO.AZ

