Gəncə futbolsevərlərinin arzusu çin oldu.
Çox deyirdilər baş məşqçi postuna gəncəli mütəxəssis gəlsin.
Gəldi...
Bu da gəncəli mütəxəssis Azər Məmmədov.
Xidmətinizdədir.
Təəssübkeşlik pis şey deyil.
Amma sona qədər olsa əgər.
Daha ilk məğlubiyyətdə 50 yaşlı çalışdırıcının getməsi üçün planlar qurulmasın.
2023/24 mövsümündə oldğu kimi.
Bəli, Məmmədov Gəncə futboluna çox yaxın simadır.
Futbolçu kimi formasını daşıyıb.
Baş məşqçi kimi ikinci dönüşüdür.
Birinci dönəm yaxşı hadisələrlə yadda qalmadı.
Gəncəliyə Gəncədə lazım olan dəstək göstərilmədi. Haqq etdiyi dayağı doğma yerlilərindən görmədi.
Əslində Məmmədov işə pis başlamamışdı.
Yenidən yığılan heyət mövsümün açılış oyununda yaxşı futbolla çempionluğa iddialı "Neftçi"ni doğma meydanda məğlub etmişdi - 1:0.
Növbəti 10 turda "Qarabağ", "Sabah", "Zirə" kimi iddialı rəqiblərlə matçlarda bərabərlik qeydə alındı.
Hədəfi liqada qalmaq olan klub üçün pis nəticə deyildi.
Amma hər oyun təzyiq vardı.
Hər oyun Məmmədov kürəyində yerli publikanın hay-küyünü hiss edirdi.
Davam edib, hədəfə çatmaq olardı.
Tuneldə işıq görünürdü.
Amma Məmmədov bunu bilə-bilə erkən getmək qərarı verdi.
Düzdü, 12-ci turda "Qarabağ"dan alınan məğlubiyyət (1:7) ağır olmuşdu.
Amma həmin dövrdə Ağdam klubu istənilən rəqibə bu hesabla qalib gələ bilərdi.
Autsayder "Kəpəz"in baş məşqçisi üçün göstərici "Qarabağ"la oyunlar sayılmamalıdır.
Azər Məmmədov saydı və getdi.
İndi isə daha təcrübəli Azər Məmmədov geri qayıdır.
Bəs azarkeşlər?
Görəsən, onlar nə qədər dəyişə biliblər?
Bu dəfə gəncəlini Gəncədə işləməyə imkan verəcəklərmi?
Göründüyü kimi, "Kəpəz" ətrafında fanatları ilə bağlı suallar yenə çoxdur.
Hər şeyə isə mövsümün startında aydınlıq gələcək.
Bir sözlə, Azər Məmmədov üçün doğma yurda qayıdış sadəcə ikinci şans deyil, həm də Gəncə futbolunun öz övladına nə qədər güvənəcəyini göstərəcək vacib imtahandır.
Bu meydan, bu da siz...
XANOĞLAN / SPORTİNFO.AZ

