“Kəpəz”in yeni baş məşqçisinin adı məlumdur.
Elmar Baxşıyev və Arif Əsədovla aparılan danışıqlarda razılıq əldə olunmayınca, “sükan” Azər Məmmədova tapşırılıb.
Klub bununla bağlı yaydığı anonsda 50 yaşlı mütəxəssislə rəsmi müqavilənin bağlanacağını bəyan edib.
Həmin Azər Məmmədov ki, 2023/24 mövsümünün əvvəlində baş məşqçi postuna yiyələnmiş və çox keçmədən uğursuz nəticələrə görə tutduğu vəzifədən ayrılmışdı.
Gəncəli mütəxəssisin təyinatı yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.
Klubun sosial şəbəkə hesablarında yazılan rəylərdən məlum olur ki, Azər bəyin “Kəpəz”i çalışdıracağı ilə bağlı xəbər azarkeşləri son dərəcə məyus edib:
“Azər Bağırovla əlaqəni kəsməyin, hər ehtimala qarşı”.
“Çətin günlər geridə qaldı, daha çətin günlər gözləyir”.
“Kəpəz” niyə bu qədər bərbad idarə olunur? Bu boyda ölkədə normal məşqçi yoxdur? Heç olmasa, Mahmud Qurbanovu gətirərdiniz”.
“Gəncəli olması xaric, hansı uğura görə “Kəpəz”ə baş məşqçi olaraq layiqi görülüb? “Kəpəz”ə Azər Məmmədov kimi futbolçu lazımdır, məşqçi yox”.
“Məzələnirsiniz deyəsən”.
“Gözlə bizi dvizion”.
“Nə deyəsən, dərdini kimə deyəsən?”
“Çox bərbad seçimdir. Guya AFFA-dan adamlar gəlib. Bir xarici mütəxəssis gətirərdiniz də”
“Vallah, oyunçu kimi yaxşı oyunçu olub. Amma baş məşqçilik onluq deyil də”.
“Nə? Azər nə məşqçidir ki, komandanı çalışdıra”.
“Yadınızdan çıxıb deyəsən, bu məşqçi ilə “Kəpəz” küçə futbolu oynayırdı – lazımsız, məqsədsiz, kor-koranə. O qədər normal məşqçi ola-ola niyə bu adam baş məşqçi təyin olunmalıdır ki?”
“Aşağı liqa, gələn sezon gəlirik”.
HƏBİB / SPORTİNFO.AZ

