Bir aya yaxındır baş məşqçi axtaran “Kəpəz”, nəhayət ki, dünən o xəbəri açıqladı.
Gəncə təmsilçisinin mətbuat xidməti yeni çalışdırıcı ilə razılıq əldə olunduğunu bəyan etdi.
Bölgə klubu Azər Məmmədovla anlaşıb. 50 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Tərəflər arasında bağlanacaq müqavilə mövsümünün sonunadək qüvvədə olacaq. Ondan tələb birdir - komandanı Premyer Liqada saxlamaq. Qarşısına qoyulan hədəfə çatsa, kontraktı yenilənəcək.
Azər Məmmədov 2023-cü ildə də “Kəpəz”i çalışdırıb. O, həmin ilin ilin yayında görəvə gəlib, dekabrda istefa verib.
Qış fasiləsinin elan olunmasına 2 tur qalmış vəzifəsindən ayrılan mütəxəssisi bu postda Adil Şükürov əvəzləyib.
Vaxtilə klubun formasını geyinmiş Məmmədov uğursuz nəticələrə görə postunu qorumaqda çətinlik çəkib. Təzyiqlərə dözməyib.
İndi də vəziyyət ovaxtkı dönəmə oxşardır. Maliyyə təminatı zəifdir: sponsor dəstəyi yoxdur, ümid yalnız AFFA-nın ayırdığı vəsaitədir.
Köhnə-yeni baş məşqçiyə aylıq 140 min manat büdcə ayrılıb. Gəncəli çalışdırıcı bu vəsaitlə transfer əməliyyatları aparmalı və komanda formalaşdırmalıdır.
SPORTİNFO.AZ


