Çətin başlanğıc, uğurlu sonluq - “Kəpəz” necə ayaqda qaldı?

10:40 Kəpəz 224
Çətin başlanğıc, uğurlu sonluq - “Kəpəz” necə ayaqda qaldı?

Mövsümə olduqca uğursuz başlayan “Kəpəz” sonda vəziyyətdən çıxaraq Azərbaycan Premyer Liqasındakı yerini qorumağı bacardı.

İlk turlardakı ağır nəticələrdən sonra Gəncə təmsilçisinin toparlanacağına inananların sayı az idi.

Lakin sonradan atılan addımlar və kollektiv daxilində yaranan birlik qərblilərin ayaqda qalmasına kömək etdi.

2025-2026-cı il mövsümünün əvvəlində komandanın formalaşdırılması başqa şəxslərin nəzarətində idi.

İdman məsələləri üzrə müşavir Erkin İbrahimov və baş məşqçi Adil Şükürovun rəhbərliyi altında yeni heyət qurulsa da, nəticələr gözlənilən kimi olmadı. “Kəpəz” ilk 5 turda meydana çıxdığı bütün oyunlarda məğlub oldu. Bu müddətdə cəmi 2 qol vuran sarı-göylər, öz qapılarında 16 top gördülər.

Xüsusilə Qəbələdə qeydə alınan 0:3 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırdı. Əvvəlcə heyətin formalaşdırılmasına cavabdeh olan şəxs klubdan ayrıldı. Ardınca isə baş məşqçi Adil Şükürovla yollar ayrıldı.

Məhz bundan sonra İdarə Heyətinin sədri Adil Vəliyev məsuliyyəti İdarə Heyətinin üzvü Fərman Əlizadənin üzərinə götürməyini tapşırdı.

Nəticədə komandanın baş məşqçisi postuna Azər Bağırov gətirildi və yeni çalışdırıcının rahat işləməsi üçün bütün şərait yaradıldı.

Mövcud vəziyyəti düzəltmək isə heç də asan deyildi. Transfer pəncərəsinin bağlanması səbəbindən “Kəpəz” yalnız azad agent statusu daşıyan futbolçuları heyətinə qata bildi.

Buna baxmayaraq, həm mövsüm ərzində komandaya qoşulan futbolçular, həm də qış fasiləsində edilən əlavələr kollektivin güclənməsinə səbəb oldu. Nəticədə qərblilər son pillələrdən uzaqlaşaraq Premyer Liqada qalmağı təmin etdilər.

Burada əsas pay sahiblərindən biri şübhəsiz ki, baş məşqçi ilə yanaşı, İdarə Heyətinin sədrinin doğru seçim etdiyi Fərman Əlizadə oldu. Komandanın hər zaman yanında olan klub rəsmisi həm məşqçilər heyətinə, həm də futbolçulara yaxından dəstək göstərdi.

Səfərlərin təşkili, komanda daxilində motivasiyanın artırılması, yaradılan şərait, mükafatlar və digər məsələlərdə bunun təsiri açıq şəkildə hiss olundu.

Bundan başqa, Akademiyada görülən işlər və infrastruktur istiqamətində atılan addımlar da klubun gələcəyi baxımından önəmli məqamlar kimi qiymətləndirilir.

Mövsüm ərzində çətin dönəmlər yaşayan “Kəpəz” sonda bir yumruq kimi birləşərək qarşıya qoyulan əsas məqsədə çatdı.

Bundan sonra isə klubun qarşısında daha ciddi hədəflər dayanır. Premyer Liqada yerini qoruyan “Kəpəz” növbəti mövsümdə artıq yalnız qalmaq uğrunda deyil, daha yuxarı pillələr uğrunda mübarizə aparmalıdır.

Məhz bu məqamda ilk mövsümdə qazanılan təcrübə xüsusi önəm daşıyır. Çətin dönəmlərdən keçən kollektivin formalaşdırılması, mövcud problemlərin aradan qaldırılması və komandanın ayaqda saxlanılması gələcək planlar üçün də mühüm baza rolunu oynayır.

Bu baxımdan, Fərman Əlizadənin qazandığı təcrübənin növbəti futbol ilində daha iddialı və döyüşkən komandanın qurulmasına kömək edəcəyinə inam böyükdür.

Azarkeşlər də artıq təkcə Premyer Liqada qalmaq yox, əvvəlki illərdə olduğu kimi iddialı, xarakterli və rəqiblər üçün çətin səfər sayılan “Kəpəz” görmək istəyirlər.

Görünən odur ki, Gəncə klubunda yeni mövsümə hazırlıq təkcə nəticələr baxımından deyil, klubun gələcək inkişafı baxımından da xüsusi əhəmiyyət daşıyacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti