“Hər il elitada qalmaq uğrunda mübarizə aparmaq “Kəpəz”in adına yaraşmır.
Ümid edirəm ki, gələn mövsümdən hər şey dəyişəcək və komanda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq.
Amma hazırkı reallıq budur və bunu qəbul etməliyik”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri “Kəpəz”in futbolçusu Əli Səmədov səsləndirib.
28 yaşlı yarımmüdafiəçi səfərdə “Sabah” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib:
“İlk növbədə “Sabah”ı çempionluq münasibətilə təbrik edirəm. Hazırda Premyer Liqanın ən stabil və ən formada olan komandadır.
Buna görə də oyuna ikiqat motivasiya ilə hazırlaşmışdıq və meydana yalnız qələbə üçün çıxmışdıq. Çünki mövcud vəziyyətdə bizim üçün hər xal çox önəmlidir.
Məqsədimiz elitada qalmaq və pley-offdan uzaq olmaqdır. Buna görə də bütün gücümüzü ortaya qoyduq və qalib gəlmək istədik.
Şükür ki, istəyimizə çatdıq. Ümumiyyətlə, “Sabah”a qarşı oyunlarımız yaxşı alınır.
Daha əvvəl də bu stadionda son dəqiqələrdə buraxdığımız qolla məğlub olmuşduq. Sevindirici haldır ki, bu dəfə həmin ssenari təkrarlanmadı və 3 xalı qazandıq”.

