"Qarabağ"la "Sabah"ı udmağımız özümüzə maraqlı gəlir, aramızda danışırıq ki..."

14 May 17:00 Kəpəz 735
"Qarabağ"la "Sabah"ı udmağımız özümüzə maraqlı gəlir, aramızda danışırıq ki..."

"Kəpəz" Premyer Liqanın 31-ci turunda sürpriz nəticə ilə yadda qaldı.

Bölgə klubu səfərdə çempion "Sabah"ı məğlub etdi - 1:0.

Matçın qəhrəmanı birmənalı olaraq Yusif İmanov oldu deyə bilərik.

Millimizin sabiq üzvü bir neçə vacib seyv edərək qələbədə önəmli rol aldı.

O, qarşılaşmadan sonra Sportinfo.az müsahibəsində meydanda yaşananlara toxunub.

- Çempion üzərində qələbəni necə bacardınız?

- Vacib qələbə oldu. Əziyyətimizin bəhrəsini gördük. Görüşə psixoloji və fiziki olaraq çox yaxşı hazırlaşmışdıq. Sonda şükürlər olsun ki, istəyimizə çatdıq. Yerimizi qorumaq üçün bu qələbə çox lazım idi.

- Ötən dəfə də "Sabah"a 0:1 məğlub olsanız belə meydanda ən yaxşılardan idin. Sabiq komandana qarşı meydana xüsusi motivasiya ilə çıxırsan?

- Vallah mənim üçün fərq etmir. Mən olanları çoxdan unutmuşam. Düzdü, hər oyuna eyni hazırlaşırıq. Sadəcə böyük oyunlarda motivasiya istər-istəməz daha yüksək olur.

- Bu mövsüm son çempion "Qarabağ"ı iki dəfə məğlub etmisiniz. Bu dəfə də eyni aqibəti hazırkı çempion "Sabah"a yaşatdınız. Yaxşı oynamağınız üçün mütləq rəqiblər çempionmu olmalıdır?

- Açığı, özümüzə də maraqlı gəlir (gülür). Uşaqlarla öz aramızda da bu barədə danışırıq. Böyük komandalara qarşı çox yaxşı oynayırıq.

- Təsadüfi adlandırmaq olar?

- Məncə, belə demək doğru olmaz. Əziyyətimizin nəticəsi olduğunu düşünürəm.

- Mövsümün sonuna cəmi 2 tur qalır. Karyeranla bağlı qərar vermisən?

- Bu barədə menecerim daha yaxşı bilir. Hazırda "Kəpəz"dəyəm. Bu kluba hörmətim sonsuzdur. Çətin vəziyyətdə mənə dəstək oldular. İlk danışacağımız klub da "Kəpəz" olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!