"Zirə" və "Turan Tovuz"la matçlarda ehtiyatda qalan Yusif İmanov yenidən "Kəpəz"in bir nömrəsinə çevrilməyi bacardı.
"Qarabağ"la oyunda qələbənin (1:0) memarlarından olan kiper sonrakı 6 matçda da 90 dəqiqə meydanda olub.
Düzdü, Ağdam klubu üzərində qələbədən sonrakı 4 görüşdə bölgə klubu kollektiv olaraq özünə bənzəmədi, vacib xallar itirdi.
Amma son iki turda yenidən toparlanmağı bacardı.
Öncə "Sumqayıt"ı məğlub edən (2:1) gəncəlilər ardınca Masazırda çempion "Sabah"a şoka yaşatdı (1:0)
Hər iki qarşılaşmada da İmanov fantastik seyvləri ilə komandası üçün nə qədər əhəmiyyətli oyunçu olmasını göstərmiş oldu.
Qarşıdan Azərbaycan millisinin təlim-məşq toplanışı gəlir.
Yığmanın yoxlama görüşləri öncəsi 23 yaşlı futbolçunun parlaq çıxışı hər kəsi sevindirir.
Yığmanın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev hələ də zədədən tam qayıtmayıb.
Aydın Bayramov "Zirə"də ehtiyatda qalır.
Belədə diqqətlərin daha çox meydanda olan, daha çox seyvlər edən Yusifə yönələcəyi qaçılmazdır.
Mövzu ilə bağlı Sportinfo.az-a açıqlama verən futbolçu özü də dəvət gözlədiyini etiraf edib:
"Bu barədə kənarda danışmağı xoşlamıram. Sadəcə soruşursunuz deyə danışıram. Mən futbolçuyam. İşim meydana çıxıb, orada yaxşı oyun sərgiləməkdir. Milliyə layiq olduğumu düşünürəm. Əlbəttə, dəvəti hər zaman gözləyirəm. Milli bizim üçün ən böyük dəyərdir. O formanı geyinmək hamının arzusudur. Sonda qərarı baş məşqçi verir. İstənilən qərara hörmətlə yanaşacam".
XANOĞLAN

