Nə oldu sənə, nə oldu belə?

20:40 Kəpəz 127
Nə oldu sənə, nə oldu belə?

Vaxt var idi “Kəpəz” səfərdə “Zirə”ylə heç-heçə edib “Qarabağ”ı udurdu.

“Turan Tovuz”la bərabərə qalıb, Sumqayıtda “Sumqayıt”ın qapısına 3 top vururdu, sonra Yevlaxa qayıdıb yenə “Qarabağ”ı udurdu.

Xüsusən martın 20-də “Qarabağ” üzərindəki qələbədən sonra Gəncə komandasına bağlanan ümidlərin dibinə su səpilmişdi. Hamı düşünürdü ki, təsadüf bir olar, iki olar.

Bir komanda mövsümdə “Qarabağ” kimi nəhəngi iki dəfə udursa, deməli, bu, komandanın gücündən xəbər verir.

Nə oldusa, elə həmin qələbədən sonra oldu. Proqnozların altı üstünə çevrildi, arzular göydən asılı qaldı. “Kəpəz” Premyer Liqada qalmaq mübarizəsini uğurla davam etdirir.

Azər Bağırovun rəhbərlik etdiyi kollektiv son 4 çempionat matçının hamısında məğlub olub.

Həm də hansı komandalara? Özünə tay rəqiblərə - “Qəbələ”yə, “Karvan-Yevlax”a, “İmişli”yə və “Şamaxı”ya.

Biri var, dirəşib uduzmaq, biri də var, uduzmağı haqq etmək, layiq olduğun yenilgini almaq.

4 oyunda buraxılan 9 top, vurulan cəmi 1 qol.

Bəli, “Kəpəz” son matçlara itkilərlə çıxıb. Əsas məqamlarda vacib fiqurların xidmətindən yararlana bilməyib. Ancaq bu faktın özü belə, əsas rəqiblər önündə məğlubiyyətləri ipə düzməyə imkan vermir axı.

Azarkeşlərin səbr kasası dolub-daşıb. Bir ara dözürdülər, yaxşı olacağına ümid edirdilər. Artıq o ümid də ölüb.

Bundan sonra “divlər” gəlir – “Sabah”, “Araz-Naxçıvan”, “Sabah”, son turlarda özünə gələn “Sumqayıt”. Hər biri bəlli məqsəd uğrunda mübarizə aparan komandalardır.

Xüsusən “Neftçi”ylə sonuncu tura təsadüf edəcək və Gəncə şəhər stadionunda keçiriləcəyi deyilən qarşılaşma “Kəpəz” üçün həyat əhəmiyyəti daşıyacaq.

Yenilənmiş stadionda, 10 mindən artıq azarkeşin qarşısında doğma komandanın əzəli rəqaibə mümkün məğlubiyyəti necə qarşılanacaq, bax, onu təsəvvür etmək çətindir.

Komandanın içində nələrin baş verdiyini içəridəkilər yaxşı bilər. Kənardan bilinən odur ki, “Kəpəz” bu gedişlə Premyer Liqada qalmaq uğrunda pley-off mübarizəasi aparacaq.

HƏBİB / SPORTİNFO..AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti