“Kəpəz” rəhbərliyindən sərt mesaj: Azarkeşlərin inamını qaytarmaq sizin borcunuzdur!

17:40 Kəpəz 114
“Kəpəz” rəhbərliyindən sərt mesaj: Azarkeşlərin inamını qaytarmaq sizin borcunuzdur!

Ardıcıl dörd məğlubiyyət “Kəpəz” klubunda vəziyyəti xeyli gərginləşdirib. Gəncə təmsilçisinin son oyunlardakı uğursuz çıxışı klub rəhbərliyini də ciddi addımlar atmağa vadar edib.

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, “Şamaxı”ya qarşı səfər oyunundan (0:2) dərhal sonra klub daxilində fövqəladə iclas keçirilib. Görüşdə İdarə Heyətinin üzvü, sədrin müşaviri Fərman Əlizadə məşqçilər heyəti və futbolçularla bir araya gəlib.

Toplantıda çıxış edən Fərman bəy komandanın son nəticələrindən narazılığını açıq şəkildə ifadə edib. O, “Kəpəz”in təkcə bir futbol klubu olmadığını, Gəncə şəhərinin simvolu və azarkeşlər üçün böyük dəyər daşıdığını vurğulayıb. Bildirilib ki, son nəticələr klubun adına yaraşmır və bu vəziyyət qısa zamanda dəyişdirilməlidir.

Mənbələrin sözlərinə görə, iclas zamanı kifayət qədər sərt mesajlar səsləndirilib. Xüsusilə vurğulanıb ki, “Kəpəz” hər zaman var olacaq – fərdi şəxslərdən asılı olmayaraq. Komandaya maksimum səviyyədə yanaşmayan və məsuliyyəti dərk etməyən futbolçuların gələcəkdə seçim zamanı kənarda qala biləcəyi diqqətə çatdırılıb. Onlara “Azarkeşlərin inamını qaytarmaq sizin borcunuzdur! Ya siz “Kəpəz”i dəyişəcəksiniz, ya da “Kəpəz” sizsiz dəyişəcək! Hər şey sizin əlinizdədir!” deyilib.

Maraqlıdır ki, “Kəpəz” hələ bir neçə həftə əvvəl tam fərqli mənzərə ilə yadda qalırdı. Fevral-mart aylarında ardıcıl dörd oyunda məğlub olmayan komanda hətta son çempion “Qarabağ” üzərində qələbə qazanmış, iddialı “Zirə” ilə qarşılaşmada isə qələbəni son saniyələrdə əldən vermişdi.

Lakin apreldə vəziyyət tam dəyişib. “Sarı-göylər” keçirdiyi dörd oyunun hamısında məğlub olub. Komanda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Qəbələ”, “Karvan-Yevlax”, “İmişli” və “Şamaxı”ya uduzub.

Hazırda 29 turdan sonra aktivində 21 xal olan “Kəpəz” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Görünən odur ki, komanda üçün həlledici mərhələ başlayıb. Qarşıdakı oyunlar həm mövsümün taleyi, həm də bir çox futbolçu üçün gələcək baxımından müəyyənedici ola bilər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti