«Kəpəz» bir başqa aləmdir.
Heç baş açmaq olmur ondan.
Burada hər şey tez-tez dəyişir - rənglər gah ağarır, gah tündləşir.
Azər Bağırov yol ayrıcındadır. Ötən ilin oktyabrında qayıtdığı klubdan iyunda ayrılacaq.
Qalmaq ehtimalı çox aşağıdır. Rəhbərliklə arasından yenə yekə bir «qara pişik» keçib. Tərəflərin münasibətlərindəki soyuqluq birbaşa komandanın başında çatlamaqdadır.
Üç turdur uduzan heyəti tanımaq olmur. Hər halda Azər Bağırov da bunu deyib. Yevlaxda «Qarabağ»ı udan futbolçuları tanıya bilmədiyini iddia edib.
Bu, təəccübdən daha çox, kollektivə nəzarətin tamamilə əldən çıxmasının etirafıdır.
Kirimişcə bir neçə klubla danışıqlar aparması ona olan inamı sarsıdıb. Elə fikirləşirdi ki, kiminlə harada və nə vaxt görüşməsi, nə deyib, nə deməməsi orada qalacaq.
Zənn edirdi ki, danışdıqları kənara sızmayacaq, nə dil biləcək, nə dodaq.
Yanıldı.
«Kəpəz»in yaşadığı çöküş o xəbərlərin sürətlə yayılmasından sonraya təsadüf edir. Demək, burada təsadüf yoxdur.
Ümumiyyətlə, futbolda heç vaxt təsadüf olmur. Nə olursa, zərurətdən olur.
MUSA

