İlin bu çağında Qubaya səfər etmək çox gözəldir.
Təbiət həvəskarları üçün o qarlı dağları görmək, buz kimi soyuq havanı ciyərlərinə çəkmək əsl adrenalindir.
Amma Qubanın o bostanvari, palçığın əsarətində olan stadionunda meydana çıxmaq…
Bunu mən heç düşmənimə də arzu etmirəm. Qubanın bu məkanında futbol oynanılmaz!
Söhbət Premyer Liqadan gedir e, Premyer Liqadan!
«İmişli»ni bura «sürgün» edib, rəqibləri də onların arxasınca ora sürükləmək səlahiyyətli şəxslərin bağışlanmaz qəbahətidir.
Nəsə, «Kəpəz»in idarəçiliyini edənlər futbolçulara mükafat kəsməlidir.
Doğrudur, komanda səfərdən 3 xalla qayıtmadı, ancaq zədə təhlükəsindən sağ-salamat qurtulduqları üçün oyunçulara «sığorta haqqı» ödənilməlidir.
Üstəlik, pis oynamadılar, əvvəldən-axıra mübarizə apardılar. Şansları həm gətirdi, həm də gətirmədi.
Luis Paçunun qaçırdığı epizodu yda salanda, yəqin ki, Azər Bağırov hələ bir müddət heyfsələnəcək.
Yenə olsun, əsas odur, komandası «Şamaxı» ilə Premyer Liqa, «Turan Tovuz»la kubok matçından fərqli, bu dəfə nisbətən özünə bənzədi.
ELXAN

