“Kəpəz“ rəhbərliyi mübahisə zəmnində bıçaq yaraları alan və komandadaq uzaq düşən Veysəl Rzayevi cəzalandırmaq niyyətində deyil.
Bu barədə klubun Media və Marketinq Departamentinin rəisi Gəray Qiyasov deyib.
Xəbər verdiyimiz kimi, o, bir neçə gün önə davaya düşüb və 3 bıçaq yarası alıb. Yarımmüdafiəçi dostunu qorumaq üçün özünü irəli verib.
Belə ki, o, dostu və iki xanımla birlikdə Gəncədəki restoranların birində əylənirmiş. Gecə təxminən 04:00 radələrində xanımlarla birgə restoranı tərk ediblər.
İlkin məlumata görə, yolda həmin xanımlardan birinin keçmiş əri onların qarşısını kəsib. Həmin şəxs Veysəlin dostu ilə mübahisə etdikdən sonra ona bıçaq zərbəsi endirməyə çalışıb.
V.Rzayev araya girdiyindən, 3 zərbə alıb. Zərbələrdən biri bədənin sol nahiyəsinə, digərləri isə kürəyinə dəyib, nəticədə ağır yaralanıb.
Maraqlıdır ki, Veysəlin yanındakı dostu da “Kəpəz”in keçmiş futbolçusudur. Nihat Fərəci hazırda II Liqada mübarizə aparan “Şəki Siti”nin formasını geyinir.
Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Bir neçə saat ərzində əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yanvarda “Turan Tovuz”dan bura gələn yarımmüdafiəçi ilə bağlı DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, saat 05:10 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir,
Əlbəttə, yaşanan hadisə üzücüdür. Bu, eyni zamanda, futbolçunun gündəlik rejimə əməl etməməsinin fəsadıdır.
Axı onun gecəyarısı restoranda nə işi var? Yuxunun ən şirin vaxtında küçədə dolaşan Rzayev, əlbəttə ki, qeyri-peşəkar davranış sərgiləyib.
G.Qiyasov bu olaya görə komandaya kömək edə bilməyən yeni oyunçu haqda deyib:
“Hal-hazırda bizi düşündürən Veysəl Rzayevin sağlamlığıdır. Əsas odur ki, sağalsın, ayağa qalxsın“.

