Azərbaycan Premyer Liqasında 2025/26-cı il mövsümünün 16 turu əhatə edən birinci yarı arxada qaldı.
"Sabah" qış fasiləsinə lider, "Karvan-Yevlax" isə sonuncu pillənin sahibi kimi yollandı.
Uzun aradan sonra 12 komandanın təmsil olunduğu liqa 7 şəhəri əhatə etdi.
İki debütantın yer aldığı çempionatda klublar özünü necə göstərdi?
Verilmiş 1 aylıq fasiləni nəzərə alıb, biz də ardıcıllıqla komandaların 16 turdakı fəaliyyətinə göz atmağa çalışdıq.
"Kəpəz"lə davam edirik...
Gəncə təmsilçisi uzun aradan sonra elitaya qayıdanda yerli publika çox sevinmişdi.
Artıq 4 mövsüm arxada qalıb, amma klub necə gəlmişdisə, elə də davam edir.
Təbii ki, belədə hədəf də dəyişilməz olaraq qalır - Premyer Liqada qalmaq!
Ötən mövsüm bu missiyanı uğurla yerinə yetirən Azər Bağırovla layiq olmadığı halda yolları ayıran rəhbərlik onu Adil Şükürovla əvəzlədi.
Şükürovun ikinci dönüşü birinci gedişinin bənzəri oldu. Özü yığdığı komanda ilə məğlubiyyətlər sıralandı. Göstərilən oyun isə gələcəyə iynə ucu qədər ümid vermirdi.
Qərb derbisində alınan irhesablı məğlubiyyət səbr kasasını daşırdı. Adil Şükürovla yolları ayıran klub yenidən Bağırova möhtac qaldı.
Bu, həm də ötən yay buraxılan qələtin açıq-aşkar etirafı idi.
Bağırov ilk gündən yararsız əcnəbilərə qapını göstərdi - nə az, nə çox 5 legionerlə yollar ayrıldı.
Heyətin 70-80%-i yerli uşaqlardan quruldu.
İslahatlar uçurumun kənarından qayıtmağa kömək etdi.
"Şamaxı"nı gözlənilmədən darmadağın edən (4:1) əyalət təmsilçisi ardınca 6 xallıq matçlarda "Qəbələ" və "Karvan-Yevlax"ı məğlub etməyi bacardı.
Əldə olunan 9 xal sonuncu pillədən xilas olmağa, hətta 10-cu sıraya yüksəlməyə imkan verdi.
Amma təhlükə tam sovuşmayıb.
Qərb təmsilçisini sonuncu pillədən 3 xal, 11-ci yerdə qərarlaşan "Qəbələ"dən isə cəmi 1 xal ayırır.
Qış fasiləsində istənilən səviyyədə güclənə bilməyən klub əlindəki resurslarla döyüşü sona qədər davam etdirməli olacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

