Gəncə futbolunun əfsanəsi Mehman Allahverdiyev ömrünün 66-cı yaşını qeyd etdi.
Həm futbolçu, həm də məşqçi kimi gəncəli futbolsevərlərin könlünə yol tapmağı bacaran təcrübəli mütəxəssis xeyli vaxtdır illərini verdiyi futboldan uzaq düşüb.
Sonuncu dəfə icraçı direktor kimi çalışdığı “Kəpəz”dən ayrılmasının üstündən 2 ildən çox vaxt keçir. Buna rəğmən, Allahverdiyev gələcəyə nikbin baxır.
Səbəbkar Sportinfo.az-ın “bundan sonrakı həyatınızda nələri arzulayırsınız?” sualını bu şəkildə cavablandırıb:
“Mənim üçün ən böyük arzu sağlam və xoşbəxt həyat, eləcə də əhatəmdə yaxşı dostların olmasıdır. Futbolla bağlı ən böyük arzum isə bir gün “Kəpəz”də işləyib, “Kəpəz”i çempion görməkdir. Başqa heç nə.
Şəxsi həyatımla bağlı? Allah hamıya nəsib etsin, altı nəvəm var.
Allahın verdiyi ömürdür, paydır, qismətdir. Qismət olar, nəticə də görərəm, qismət deyilsə, nə edim?”
Mehman Allahverdiyev futbolçu kimi “Neftçi” və “Kəpəz”dəki oyunları ilə azarkeşlərin rəğbətini qazanıb.
Baş məşqçi kimi isə “Kəpəz” üçün sözün əsl mənasında möhür vurub – 3 çempionluq, 2 “gümüş”, 1 “bürünc”, 4 ölkə kuboku.
HƏBİB

