"Kəpəz"in Azərbaycana qayıtmaqdan imtina edən Jefferson Bentuya verdiyi vaxt bu gün tamam olur.
Mərkəz müdafiəçisi ilə əlaqə saxlayan klub funksionerləri xəbərdarlıq edib ki, əgər bu müddətdə geri dönməsə, onunla bağlı FİFA-ya şikayət olunacaq.
22 yaşlı cənubi amerikalı son olaraq "Portimonense"də çıxış edib. O, Portuqaliyanın ikinci liqa klubundan 1 illik icarəyə götürülüb.
193 sm boya malik "sambaçı" daha əvvəl vətənində "Botafoqo"da da forma geyinib.
"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasov Sportinfo.az-a deyib ki, Bentunun dönüşü hələ də sual altındadır:
"Bizim bildiyimizə görə, o, hazırda Braziliyadadır. Klub ona təyyarə biletini də bu ölkəyə alıb.
Özüylə danışıq olub. "Portimonense"yə də rəsmi müraciət edilib.
Onların artıq futbolçunun etdiyi hərəkətlərdən xəbəri var. Maraqlısı budur ki, Jefferson niyə Azərbaycana qayıtmadığının səbəbini açıq demir.
Konkret danışmır. Ona deyilib ki, klub qarşısında öhdəliyi var, bunu yerinə yetirməlidir.
Xəbərdarlıq edilib ki, qayıtmasa, böyük məbləğdə cərimə olunacaq. Həmçinin FİFA-ya şikayət olunacaq.
"Kəpəz" üzərinə düşən bütün işləri görüb, futbolçuya1 qəpik də borcumuz yoxdur.
FİFA məsələni araşdırsa, Jeffersonu sərt cəza gözləyir. Bu, bir müddət futbodan uzaqlaşdırılmaq da ola bilər, başqa qərar da".

