
Premyer Liqanın ilk 3 həftəsində qeydə alınan uğursuz nəticələr «Kəpəz» rəhbərliyinin əsəblərini tarıma çəkib.
Komandanın ard-arda aldığı məğlubiyyətlər onları hərəkətə gətirib. Rəsmilərin bu gün toplanması gözlənilir.
İdarə Heyətinin sədri Adil Vəliyevin iştirakıyla keçirilməsi nəzərdə tutulan yığıncaqda bəzi mühüm qərarların ələ alınması istisna edilmir.
Onlardan biri də Adil Şükürovla bağlıdır. Doqquz aylıq aradan sonra baş məşqçi postuna dönmüş və 2+1 illik müqavilə imzalamış Şükürovun istefaya göndərilməsi istisna olunmur. Burada problem ona ödəniləcək təzminatla bağlı ola bilər.
Çalışdırıcının aylıq qazancı 9000 manat civarındadır və öyrəndiyimizə görə, o, maliyyə şərtlərində güzəştə getmək fikrindən uzaqdır.
Özünə və köməkçilərinə çatacaq məbləğin tam şəkildə verilməsini tələb etmək fikrindədir.
Şükürova daha 2-3 tur, hətta ilk dövrənin sonunadək şans tanınması da mümkündür. Bu, yığıncağın gedişindən və baş məşqçinin vədindən asılıdır.
Yönətimi komandanı düşdüyü vəziyyətdən çıxaracağına inandıra bilsə, toxunulmaz hala gələcək.
Gəncə təmsilçisi ilk turlarda «Sumqayıt»a 0:3, «Karvan»a 2:3 və «Zirə»yə 0:5 hesabıyla uduzaraq, turnir cədvəlində son sıraya yuvarlanıb.
SPORTİNFO.AZ